“EXPO 2020 Dubai” sərgisinə biletlərin qiyməti elan edilib
Dubay, 29 aprel, AZƏRTAC
Dubayda keçiriləcək “EXPO 2020 Dubai” sərgisinə giriş biletlərinin qiymətləri elan edilib.
AZƏRTAC xəbər verir ki, iri beynəlxalq sərginin təşkilatçıları “EXPO 2020” ilə birgünlük və ya üçgünlük buraxılış vərəqələri vasitəsilə tanışlıqda maraqlı olan şəxslər üçün biletlərin qiymətinin iki variantını elan ediblər. Böyüklər üçün (18 yaş və daha yuxarı) bir biletin dəyəri 120 dirhəm (33 dollar) təşkil edəcək. Sərgidə 173 gün ərzində istifadə edilə biləcək üçgünlük buraxılış vərəqələri 260 dirhəmə (71 dollar) satılacaq.
“EXPO 2020”, həmçinin bir sıra endirimlər, o cümlədən 5 yaşınadək uşaqlar, 65 yaş və yuxarı olan yaşlılar üçün sərbəst giriş təqdim edəcək. 6-17 yaş arası olan ziyarətçilər və yaşından asılı olmayaraq bütün təhsilalanlar üçün 50 faiz endirim nəzərdə tutulub. Fiziki imkanları məhdud olan şəxslər sərgini pulsuz ziyarət edəcək, onların qəyyumlarına isə biletlər yarı qiymətə təklif olunacaq.
Qeyd edilir ki, sərginin 192 iştirakçı ölkəsinin pavilyonları və sərgi çərçivəsində keçiriləcək müxtəlif tədbirlərlə tanış olmağa bir gün kifayət etməyəcək. Bu iri beynəlxalq hadisə çərçivəsində hər gün 60 tədbir, o cümlədən təqdimatlar, bayram təntənələri, tamaşalar, qlobal musiqili şoular, praktik seminarlar və digər müxtəlif əyləncələr keçiriləcək.
Xatırladaq ki, “Zəkaları birləşdirərək gələcəyi yaradırıq” şüarı altında keçiriləcək “EXPO 2020 Dubai” sərgisi 25 milyon ziyarətçi cəlb etməyi nəzərdə tutub.
Azərbaycan bu sərgidə iştirak barədə sazişi ilk imzalayanlar sırasındadır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Dubay