“Əyilməz Fransa” partiyası 720 mindən çox imza toplayan petisiyanın bağlanması ehtimalını tənqid edib
Paris, 22 iyul, AZƏRTAC
Fransa Milli Assambleyasında "Əyilməz Fransa” (La France insoumise LFI) fraksiyasının sədri Matild Pano hakimiyyət çoxluğunu 720 mindən çox imza toplamış petisiyanın baxılmasını dayandırmağa çalışmaqda ittiham edib.
AZƏRTAC xəbər verir ki, o, bu barədə Assambleyanın Hüquq Komissiyasının iclası öncəsi keçirilən mətbuat konfransında danışıb.
Panonun sözlərinə görə, Milli Assambleyanın petisiya proseduruna əsasən, 500 min imza həddi keçildikdən sonra parlamentdə müzakirə keçirilməsi nəzərdə tutulur. O bildirib ki, petisiya bu həddi xeyli aşdığı üçün onun parlamentdə müzakirəsi hüquqi baxımdan zəruridir. Deputat həmçinin qeyd edib ki, Assambleyanın daxili qaydalarının islahatı çərçivəsində artıq müzakirə olunmuş qanun layihələri ilə bağlı petisiyaların araşdırılmasının qarşısını almağı nəzərdə tutan təklif rədd edilib.
LFI nümayəndəsi hüquq-mühafizə orqanlarının silahdan istifadəsinə dair qanun layihəsini sərt tənqid edərək onu "öldürmək üçün XXL icazə qanunu" adlandırıb. Onun fikrincə, sənəd sübutetmə yükünün dəyişdirilməsinə səbəb olacaq və hüquqi dövlət prinsiplərinə ziddir. Pano vurğulayıb ki, respublikada heç bir vətəndaş kateqoriyasına digərlərinin həyatı üzərində qərar vermək səlahiyyəti verilə bilməz.
Deputat çıxışı zamanı Fransanın Avropada polis və jandarm əməkdaşlarının ölümcül atəş açma hallarının ən çox qeydə alındığı ölkə olduğunu da iddia edib.
Matild Pano bildirib ki, LFI deputatları Hüquq Komissiyasının işini izləyəcək və müzakirələri parlament qrupunun sosial şəbəkə hesablarında canlı yayımlayacaqlar. O əlavə edib ki, partiya nümayəndələri sentyabrın 19-da "Dövlət zorakılığına son" kollektivinin qanun layihəsinə etiraz məqsədilə təşkil edəcəyi aksiyaya da qatılacaqlar.
Hazırda Hüquq Komissiyası sözügedən petisiya ilə bağlı yekun qərar qəbul etməyib.