Fermer: Bizim üçün yaradılan şəraitə və qayğıya görə dövlətimizin başçısına minnətdaram
Bakı, 4 iyun, AZƏRTAC
İyunun 4-də metronun “Gənclik” stansiyasının çıxışında təşkil olunan “Kənddən Şəhərə” yarmarkasında öz məhsullarını təklif edən fermerlərdən biri də Sabirabad rayonundan gəlmiş Fəxrəddin Kərimovdur.
Fermer AZƏRTAC-a müsahibəsində bildirib ki, yarmarkaya satış üçün öz həyətyanı sahəsindən pomidor və xiyar gətirib.
Bu il sahəsindəki istixanada 2 ton pomidor yetişdirdiyini deyən fermer ərsəyə gətirdiyi məhsulun keyfiyyətinin yüksək olduğunu söyləyib. Onu da əlavə edib ki, yarmarkaya gələn şəhər sakinləri yüksək keyfiyyətə malik və münasib qiymətə satılan kənd təsərrüfatı məhsullarını böyük həvəslə alırlar.
İlk dəfə Novruz yarmarkasında iştirak etdiyini bildirən F.Kərimov yarmarkada fermerlər üçün yaradılmış şəraitdən razılığını ifadə edib: “Fermerlərə məhsullarının satışı üçün lazım olan bütün avadanlıq və ləvazimatlar pulsuzdur. Bizim üçün yaradılan şəraitə və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə, eləcə də yarmarkanın təşkilatçılarına minnətdaram. Növbəti yarmarkalarda da iştirak edəcəyəm”, -deyə fermer vurğulayıb.