FERMERLƏRƏ QAYĞI KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ İSTEHSALINI STİMULLAŞDIRIR
Bakı, 21 may (AZƏRTAC). Hazırda kənd təsərrüfatı məhsullarının becərilməsi, bitkilərə aqrotexniki qulluğun göstərilməsi, məhsulun vaxtında və itkisiz yığılması, mal-qara üçün yem ehtiyatının yaradılması və s. sahələrdə işlərin intensiv aparıldığı vaxtdır. “Aqrolizinq” ASC idarə heyətinin 2008-ci il 3 mart tarixli qərarı ilə kənd təsərrüfatı işlərinin qiymətləri təsdiq edilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti aqrotexniki xidmətlərə tələbatın artmasını nəzərə alaraq, həmin qiymətləri bir daha fermerlərin nəzərinə çatdırır: 1 hektar şum üçün (22-27 santimetr dərinlikdə) - 25 manat; 1 hektar suvarılan və bərk torpaqda 27 santimetrdən dərin şum üçün - 27 manat; 1 hektar dəmyə və yumşaq torpaqda 22-32 santimetr dərinlikdə şum üçün - 24 manat; 1 hektar sahənin rotasiyon mala ilə şumlanması - 16 manat; 1 hektar sahəyə diskli mala çəkilməsi - 8 manat; 1 hektar səpinqabağı hamarlama işləri - 7,5 manat; 1 hektar sahəyə pambıq çiyidi əkini - 12 manat; 1 hektar sahəyə dənli bitkilər toxumunun səpilməsi - 10 manat; 1 hektar sahəyə mineral gübrə verilməsi - 8 manat; 1 hektar sahəyə kartof basdırılması - 50 manat; çalaqazanın 1 gündəki iş norması üçün (120 çala/gün) - 60 manat; cərgələrarası becərmədə kultivasiya işləri 1 hektar üçün - 10 manat; 1 hektar sahəyə qollu çiləyici vasitəsilə dərman çilənməsi - 10 manat; 1 hektar sahəyə ventilyatorlu çiləyici ilə dərman çilənməsi - 12 manat; 1 hektar sahədən taxıl biçini - 27 manat; 1 hektar yem bitkilərinin özüyeriyən otbiçənlə biçilməsi - 22 manat; 1 hektar yem bitkilərinin rotorlu otbiçənlə biçilməsi - 14 manat; otun, küləşin preslənməsi (1 gündə 1000 kip olmaqla) - 100 manat və ya 1 kip üçün 10 qəpik; 1 hektar sahədən pambıq yığımı - 60 manat; 1 hektar sahədən çuğundur çıxarılması - 60 manat; 1 hektar sahədən kartof çıxarılması - 40 manat.
Fermerlərdən və digər sifarişçilərdən göstərilən qiymətdən artıq vəsait tələb olunduğu halda, İqtisadi İnkişaf Nazirliyinə (əlaqə telefonu: 492-99-76, 492-80-11) və “Aqrolizinq” ASC-yə (əlaqə telefonu: 425-08-79) müraciət etmələri xahiş olunur.
Dövlət tərəfindən fermerlərə daim göstərilən diqqət və qayğı kənd təsərrüfatı məhsullarının istehsalını stimullaşdırmağa yönəldilmişdir.