Fevralın 9-u Ümumdünya Siqaretdən İmtina Günüdür
Bakı, 9 fevral, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə siqaretin zərərlərinin qarşısının alınması, ondan istifadənin azaldılması və sosial maarifləndirmənin artırılması məqsədilə hər il fevralın 9-u Ümumdünya Siqaretdən İmtina Günü kimi qeyd olunur.
AZƏRTAC ÜST-ə istinadla bildirir ki, tütün dünyada hər il 8 milyona yaxın insanın ölümünə səbəb olur. Bu ölümlərin 7 milyondan çoxu birbaşa tütün istifadəsi, təxminən 1,2 milyonu isə tütün tüstüsünə məruzqalma nəticəsində siqaret çəkməyənlərin payına düşür. Tütün tüstüsünün tərkibində insan orqanizminə ciddi zərər verən 5 minə yaxın kimyəvi maddə var.
Statistikaya görə kişilər qadınlara nisbətən tütündən daha çox istifadə edir. Tütün məhsullarında olan nikotin yüksək dərəcədə asılılıq yaradır və professional dəstək olmadan tütündən istifadəni tərgitməyə çalışanların yalnız 4 faizi uğurlu nəticə əldə edib. Professional dəstək almaq istifadəçinin tütündən uğurla çıxmaq şansını ikiqat artıra bilər.
Eyni zamanda qeyd edilib ki, siqaret və tütün məhsulları ilə yanaşı, elektron siqaret kimi yeni yaranan nikotin məhsulları, tərkibində tütün olmasa da, sağlamlığa zərərlidir.
Siqaretin zərərlərinin qarşısının alınması üçün ÜST-yə üzv dövlətlər 2003-cü ildə Tütünlə Mübarizə üzrə ÜST-nin Çərçivə Konvensiyasını qəbul edib.
Tütünün bütün növləri insan sağlamlığı üçün zərərlidir və siqaret dünyada ən çox yayılan tütündən istifadə formasıdır. İctimai sağlamlıq baxımından kritik problem olan tütündən istifadə vaxtından əvvəl ölüm riskini artırır və dünya üzrə ölüm hallarının 18 faizindən çoxunun səbəbidir.
Tütün istifadəsi müxtəlif növ xərçəng növləri, şəkərli diabet, qastrit, xora kimi mədə xəstəlikləri, hamiləlikdə vaxtından əvvəl doğuş, uşaqda inkişaf problemləri, ürək-damar, tənəffüs, diş və diş əti xəstəliklərinin yaranmasına səbəb olur.
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası Prezidenti tərəfindən 2017-ci il dekabrın 1-də təsdiq olunub. Bu qanun ölkə əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edib.
Tütünçəkmənin qadağan olunduğu bir sıra yerlərdə bu qanunun müvafiq tələblərinə riayətolunma səviyyəsini qiymətləndirilmək məqsədilə, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) “Azərbaycanda multisektoral tütünlə mübarizə mexanizmlərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində müşahidə tədqiqatları aparır.