FHN-in “BE-200ÇS” tipli amfibiya təyyarəsi Türkiyəyə yola salınıb
Bakı, 5 avqust, Nicat Məmmədov, AZƏRTAC
Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) “BE-200ÇS” tipli amfibiya təyyarəsi avqustun 5-də qardaş ölkəyə yola düşüb.
AZƏRTAC xəbər verir ki, FHN-in müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti - üçüncü qrupu da gün ərzində yola salınacaq. Üçüncü qrupa 40 ədəd yanğınsöndürmə texnikası və 150 yanğınsöndürən daxildir.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da, 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedicidən ibarət ikinci qrup isə iyulun 31-də Türkiyəyə yola düşüb. Yanğınsöndürmə qüvvələrinin koordinasiyalı idarəetməsinin təşkili məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hazırda Türkiyədədir. Azərbaycan yanğınsöndürənləri alovların söndürülməsi və qarşısının alınmasında fədakarlıqla çalışırlar.