FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələri arasında baxış-müsabiqə keçirilib
Bakı, 29 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində FHN işçiləri həmkarlar ittifaqının dəstəyi və nazirlik yanında ictimai şuranın üzvlərinin iştirakı ilə “Ən yaxşı bölmə” adı uğrunda baxış-müsabiqə keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin keçirilməsində məqsəd yanğından mühafizə bölmələrinin şəxsi heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən yanğınların söndürülməsinin təşkili və taktikası üzrə düzgün qərarların qəbulunda bölmələrin peşə və taktiki hazırlıq səviyyəsinin yüksəldilməsi olub.
Baxış-müsabiqədə Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun yanğından mühafizə bölmələri komandalar şəklində iştirak ediblər. İyirmi yeddi komandanın iştirak etdiyi baxış-müsabiqədə birinci yerə Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi rayon Yanğından Mühafizə Hissəsinin 2 nömrəli Yanğından Mühafizə Bölməsi sahib olub. İkinci yerə Binəqədi rayon Yanğından Mühafizə Hissəsinin 5 nömrəli, üçüncü yerə isə Səbail rayon Yanğından Mühafizə Hissəsinin 26 nömrəli Yanğından Mühafizə bölmələri layiq görülüblər.
Qaliblər FHN işçiləri həmkarlar ittifaqı və Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən mükafatlandırılıblar.