FHN-in ikinci mobil səyyar hospitalı Kahramanmaraşa yola salınır
Bakı, 11 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarını aradan qaldırmaq məqsədilə humanitar yardımlar davam edir. Heydər Əliyev Fondu tərəfindən Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara böyük həcmdə humanitar yardım göndərilib.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndəsi Ərəstun Əliyev deyib.
"Nazirlik də ölkə başçısının tapşırığına uyğun olaraq faciənin ilk günündən axtarış-xilasetmə dəstələri, xilasetmə avadanlıqları, əhalinin yerləşdirilməsi üçün çadırlar, qızdırıcılar və digər zəruri avadanlıqları göndərib. Bundan başqa, 41 nəfərdən ibarət tibb heyəti və bir ədəd mobil səyyar hospitalı Kahramanmaraşda açılıb və fəaliyyətini davam etdirir.
Bu gün isə ikinci mobil səyyar hospitalı yola salınır. Hospitalda qəbul çeşidləmə, sarğı, laboratoriya, reanimasiya və iki əməliyyat bloku fəaliyyət göstərəcək. 18 nəfərlik tibb personalı, hərbi səhra şəraitində fəaliyyət göstərən peşəkar cərrahlardan, travmatoloqlardan, reanimotoloqlardan, torakal cərrahlardan ibarətdir. Hospital hər cür tibbi avadanlıqla, dərman preparatları, sarğı materialları və reaktivlərlə təmin olunub", - deyə Ə.Əliyev qeyd edib.