FHN-in qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat başa çatıb
Bakı, 22 fevral, AZƏRTAC
Fevralın 20-22-də Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqı və idman-sağlamlıq klubunun birgə təşkilatçılığı ilə nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Respublika Olimpiya Mərkəzində təşkil olunan tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov əvvəlcə Xocalı soyqırımı ilə bağlı həqiqətlərdən söhbət açıb, 27 il bundan əvvəl erməni vandallarının xalqımıza qarşı törətdikləri dəhşətli faciənin heç bir zaman yaddaşlardan silinməyəcəyini bildirib.
Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Ümumilikdə çempionatda 16 komandadan 70-ə yaxın idmançı iştirak edib. Yüz və min metr məsafəyə qaçış, hündürlüyə, uzununa tullanma və yadro itələmə növlərində yarışan idmançılar həm şəxsi, həm də komanda hesabında mübarizə aparıblar.
Tofiq Əliyevin baş hakim olduğu çempionatda komanda hesabında birinci yeri FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, ikinci yeri FHN-in Akademiyası, üçüncü yeri isə Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin komandası tutub.
Şəxsi göstəricilərə görə isə birinci yerə Pərviz Babayev (Xüsusi Riskli Xilasetmə Xidməti), ikinci yerə Saleh Qurbanov (Qarabağ Regional Mərkəzi), üçüncü yerə İsmayıl Qurbanzadə (Mülkü Müdafiə Qoşunları) layiq görülüb.
Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev tədbirdə çıxış edərək bu yarışlarda ötən illərlə müqayisədə daha yüksək nəticələr əldə olunduğunu diqqətə çatdırıb.
Sonda komanda və şəxsi hesaba görə qalib gələn idmançılar diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.