FHN-in strukturlarında 20 Yanvar faciəsinin qurbanları anılıb
Bakı, 19 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) qurum və regional mərkəzlərində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, anım mərasimlərində, əvvəlcə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə çıxış edənlər 1990-cı il yanvarın 20-də baş vermiş hadisələri Azərbaycan tarixinin ən qanlı və faciəli səhifələrindən biri kimi xarakterizə edib, eyni zamanda, xalqımızın müstəqillik uğrunda mübarizəsinin qəhrəmanlıq salnaməsi olduğunu diqqətə çatdırıblar.
Qeyd olunub ki, xalqımızın həmin ağır günlərində faciədən dərhal sonra – yanvarın 21-də həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev burada beynəlxalq media nümayəndələri üçün mətbuat konfransı keçirərək dünya ictimaiyyətini baş vermiş bəşəri cinayət barədə məlumatlandırıb, törədilmiş amansız qırğını kəskin şəkildə pisləyərək, faciəyə siyasi-hüquqi qiymət verilməsini tələb edib. Məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib.
Çıxış edənlər tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsinin mahiyyətinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışaraq, ölkə rəhbərliyi tərəfindən bu sahədə həyata keçirilən sistemli tədbirlərdən bəhs ediblər. Diqqətə çatdırılıb ki, Ulu Öndərin mütərəqqi siyasi kursunun layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin adlarının əbədiləşdirilməsi, onların xatirəsinin ehtiramla anılması, şəhid ailəsi üzvlərinin sosial problemlərinin həlli istiqamətində davamlı olaraq zəruri addımlar atılır.
Tədbirlərdə 20 Yanvar faciəsinə həsr edilmiş sənədli film nümayiş olunub.