FHN-in xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş əməkdaşının ailəsi ziyarət edilib
Bakı, 27 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəhbərliyi, həmçinin xidmətin regionda yerləşən bir sıra hissə və bölmələrinin rəis heyəti xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş daxili xidmət baş çavuşu Hakim Şahlar oğlu Piriyevin ailəsini ziyarət edib.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə, H. Piriyevin dəfn olunduğu Salyan rayonunun Şorkənd kənd qəbiristanlığında mərhumun məzarı ziyarət edilib, üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Mərhumun ailəsinin ziyarəti zamanı xatirəsi ehtiramla yad edilib, ailə üzvlərinə başsağlığı verilib, onun uzun illər qüsursuz xidməti və peşəkarlığı qeyd olunub.
Daha sonra H.Piriyevin təltif olunduğu “Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalı Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini daxili xidmət polkovniki Mircavad Seyidov tərəfindən mərhumun valideynlərinə təqdim edilib.
Qeyd edək ki, Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin böyük yanğınsöndürəni H. Piriyev bu il fevralın 21-də Bakı-Astara magistral yolunda yanğının söndürülməsi zamanı xidməti vəzifəsini yerinə yetirərkən avtomobil vurması nəticəsində həlak olub.