FHN: Mülki müdafiə qüvvə və vasitələrinin idarə edilməsi üzrə bacarıqlar təkmilləşdirilir
Bakı, 13 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) regional mərkəzləri “2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən ötən həftə ərzində silsilə mülki müdafiə kursları təşkil ediblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Cənub Regional Mərkəzi tərəfindən “İctimai təhlükəsizliyin mühafizəsi manqalarının komandirləri”, Şimal-qərb Regional Mərkəzi tərəfindən “Xilasetmə manqa komandirləri”, Muğan Regional Mərkəzi tərəfindən “Kəşfiyyat manqalarının komandirləri”, Aran Regional Mərkəzi tərəfindən isə “Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbərləri” kateqoriyaları üzrə mülki müdafiə kursları keçirilib.
Burada əsas məqsəd fövqəladə hadisələrdən mühafizə sahəsində maarifləndirmə işinin aparılması, ilkin yanğınsöndürmə alət və avadanlıqlarından, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydalarının öyrədilməsi, eləcə də kurs iştirakçılarının mülki müdafiə qüvvə və vasitələrinin idarə edilməsi üzrə bacarıqlarının təkmilləşdirilməsi olub.
Kurslarda kollektiv mühafizə vasitələrindən istifadə, təxliyə planlarının düzgün hazırlanması, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, xilasetmə alət və avadanlıqlardan istifadə qaydaları izah edilib, həmçinin mövzulara aid fotoslayd və videoçarxlar nümayiş etdirilib.
Kursların yüksək səviyyədə keçirilməsi üçün FHN-in digər qurumlarının yerli struktur bölmələrinin əməkdaşları da tədris prosesində iştirak ediblər.
Sonda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim olunub.