FHN: Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb
Bakı, 2 iyun, AZƏRTAC
Paytaxtın Nəsimi rayonunda hər mərtəbəsi 13,5 min kvadratmetr olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət yaşayış binasında yanğın baş verib.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla xəbər verir ki, hadisə nəticəsində binanın birinci mərtəbəsində ümumi sahəsi 75 kvadratmetr olan kafenin 45 kvadratmetrlik hissəsi, habelə binadakı kitabxananın və birotaqlı mənzilin tavanı, ikinci mərtəbədəki dəhlizin döşəməsi yanıb.
Tüstülənmiş mənzildən iki nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.