FHN tərəfindən ağacəkmə aksiyası: Heydər Əliyevin 100 illiyi münasibətilə 10 min ağac əkilib
Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 28-də Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Ceyranbatan su anbarının ərazisində “Heydər Əliyev İli” münasibətilə növbəti ağacəkmə aksiyası keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, aksiyada nazirliyin struktur bölmələrinin əməkdaşları iştirak edib.
Əvvəlcə tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsi məsələlərinə xüsusi diqqətlə yanaşıb. Paytaxt Bakı şəhərində və regionlarda yaşıllaşdırma işlərinə, yeni yaşıllıq sahələrinin yaradılmasına xüsusi əhəmiyyət verib. Ulu Öndərin bu mütərəqqi yanaşması, ekologiyaya olan qayğısı hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu çərçivədə FHN tərəfindən “Heydər Əliyevin 100 illiyi münasibətilə 10000 ağac əkək” aksiyası həyata keçirilir. Bu münasibətlə 10 mindən artıq Eldar şamı və sərv ağacı tingləri yetişdirilib, Ceyranbatan su anbarı ərazisində 20 hektara yaxın müvafiq sahə hazırlanıb.
Yanvarın 31-dən başlayaraq, həmin ərazidə mütəmadi olaraq ağac əkilməsinə başlanılıb. Bu günədək artıq 9 min ağac əkilib. Bunların da 8 mini sərv, 1000-i isə Eldar şamıdır. Aprelin 28-də isə daha 1000 ağac əkilib.