FİKRƏT ƏMİROV-80 ONUN MUSİQİSİ HƏMİŞƏYAŞARDIR
Görk əmli musiqi xadimi, Dövlət mükafatları laureatları, bəstəkar Fikrət Əmirovun 80 illik yubileyinin ölkəmizdə layiqincə qeyd edilməsi barədə Azərbaycan Prezidenti Heydər Əliyevin 2002-ci il 7 noyabr tarixli sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq silsilə tədbirlər keçirilir. Noyabrın 22-də kamera və orqan musiqisi zalında Azərbaycan Dövlət Filarmoniyasının keçirdiyi yubiley gecəsi də bu tədbirlərdən biri oldu.
Gecədə ölməz bəstəkarın rəngarəng musiqisinin ölkəmizin hüdudlarını aşıb bütün dünyada şöhrət qazanmasından bəhs edildi. Bildirildi ki, bəstəkar opera, balet, simfoniya, poema, konsertr kimi monemental əsərlərdən tutmuş mahnılara, romanslara və kino musiqisinədək ən müxtəlif sahələrə nüfuz etmişdir. Fikrət Əmirov professional milli musiqimizdə tamamilə yeni janr olan simfonik muğam janrının banisidir.
Gecədə əməkdar incəsənət xadimi Teymur Göyçayevin bədii rəhbərliyi və dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin, xalq artisti Şəfiqə Eyvazovanın və digər incəsənət ustalarının ifasında Fikrət Əmirovun əsərlərindən ibarət musiqi nömrələri səsləndi.
X X X
Noyabrın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında da unudulmaz bəstəkar Fikrət Əmirovun anadan olmasının 80 illiyi münasibətilə gecə keçirilmişdir.
Gecədə fəlsəfi dərinliyi, təkraredilməz fərdi üslubu, parlaq obrazlılığı və kamilliyi ilə fərqlənən Fikrət Əmirov yaradıcılığından danışıldı, “Min bir gecə” baletinin teatr səhnələrində zəfərlə addımlamasından bəhs edildi.
Sonra baş rolların ifaçıları, əməkdar artist, Mədinə Əliyevanın və Yuri Lovaçovun iştirakı ilə “Min bir gecə” baletinin tamaşası oldu.