Fındıq bağlarında növbəti monitorinq keçirilib, qəhvəyi mərmər bağacığı aşkarlanmayıb
Şəki, 17 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Kənd təsərrüfatı üçün təhlükəli zərərverici hesab edilən qəhvəyi mərmər bağacığın aşkar edilməsi və yayılma təhlükəsinin aradan qaldırılması məqsədilə Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin (BMFM) Şəki rayon Mərkəzi tərəfindən təsərrüfat sahiblərinin, əhalinin maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mərkəz tərəfindən keçirilən növbəti təlim “Qəhvəyi mərmər bağacığı (Halyomorpha halys) və ona qarşi inteqrir mübarizə tədbirlərinin işlənməsi” mövzusuna həsr olunub.
Təlim prosesində Mərkəzin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Tələt Mehdiyev iştirakçılara zərərvericinin bioekoloji xüsusiyyətləri, biologiyası, yayılması, iqtisadi zərərləri və mübarizə tədbirlərində ətraf mühiti, ekologiyanı, insan sağlamlığını, faydalı entomofaqları qoruyan inteqrir mübarizə sisteminin tətbiqinə geniş yer verilməsi barədə ətraflı danışıb. Bildirib ki, Balakən və Zaqatala rayonlarında feromon tələlərdən geniş istifadə etməklə aparılan biotexnoloji və məhdud dairələrdə kimyəvi mübarizə tədbirləri də inteqrir mübarizənin əsas tərkib hissəsidir və bölgədə biomüxtəlifliyin qorunmasında çox əhəmiyyətlidir.
Təlimdən sonra Mərkəzin mütəxəssisləri tərəfindən rayonun meyvə bağlarında, xüsusilə Qax rayonu ilə həmsərhəd ərazilərdə yerləşən fındıq bağlarında növbəti monitorinq keçirilib, lakin qəhvəyi mərmər bağacığı aşkar edilməyib.
Mərkəzin rəisi Tələt Mehdiyev AZƏRTAC-a açıqlamasında bildirib ki, AXA-nın rəhbərliyi ilə Mərkəz tərəfindən hələ bu ilin mayında Şəkinin Qax rayonu ilə həmsərhəd kəndlərində bağlara 100 ədəd feromon tələ asılıb və indiyədək 12 dəfə monitorinq həyata keçirilib. Feromon tələlərin üzərinə saysız-hesabsız müxtəlif həşəratlar yapışsa da, indiyədək qəhvəyi mərmər bağacığı aşkar edilməyib. Hazırda monitorinqlər həftədə bir dəfə davam etdirilir.