FİNLANDİYA PREZİDENTİ TARYA HALONENİN NİTQİ
- Möhtərəm cənab Prezident!
Hörmətli nazirlər!
Hörmətli forum iştirakçıları!
Cənab Prezident Əliyevin yaratdığı bu şəraitə görə mən ilk növbədə sizə minnətdarlığımı bildirirəm.
Mən dünən Bakıya səfərimi başlamışam və sözün əsil mənasında buradakı irəliləyişi görməkdən çox məmnun oldum. Mən Azərbaycana sonuncu dəfə təxminən 10 il əvvəl səfər etmişdim. İndi deyə bilərəm ki, Bakı çox gözəçarpan dərəcədə dəyişmişdir. Biz artıq indi iki ölkə arasında yeni əməkdaşlığın yaradılmasına nail olmalıyıq. Bu, o demək deyil ki, keçmişdə bizim heç bir əlaqəmiz olmayıbdır. Əksinə, tarixdə əlaqələrimiz mövcuddur. Finlandiyanın şirkətləri əvvəllər də burada işləyiblər və bundan sonra daha da fəal işləyə bilərlər.
Cənab Prezident Əliyevin qeyd etdiyi kimi, onlar burada nəinki özləri üçün, eyni zamanda, Azərbaycan və Finlandiya xalqlarının rifahı naminə işləyə bilərlər. Bu sahədə işlər görülsə, biznes icmalarımızı bir-birinə daha da yaxınlaşdırar. Bilirsiniz ki, Finlandiya artıq 10 ildir Avropa İttifaqının üzvüdür. Finlandiya Azərbaycanın Avropa İttifaqına yaxınlaşmasını istəyir. Gələn il ölkəmiz Avropa İttifaqına sədrlik edəcək və bu dövr ərzində biz çalışacağıq ki, ikitərəfli münasibətlərimizi daha da inkişaf etdirək.
Şübhəsiz ki, iqtisadi sahədə çox iş görə bilərik. Cənab Prezident, hesab edirik ki, iqtisadi əməkdaşlığımız üçün zəmin vardır. Ölkələrimiz arasında sərmayələrin qorunması haqqında saziş var və dünən də vergilər sahəsində saziş imzaladıq. Beləliklə, görürsünüz ki, irəliyə doğru addımlar atılır. Azərbaycandakı sürətli inkişaf Finlandiyanı xüsusi maraqlandırır. Burada əyləşən şəxslər arasında ölkəmizin sənaye təmsilçiləri vardır. Sizi inandıra bilərəm ki, Finlandiyanın şirkətləri Azərbaycanda bizneslə məşğul olmaqda maraqlıdır. Mən Prezident İlham Əliyevi Finlandiyaya rəsmi səfərə dəvət etmişəm. Biznesdə çalışanları və ölkə rəsmilərini də dəvət edirəm ki, gəlib Finlandiyanın biznes imkanları ilə tanış olsunlar.
Ümumiyyətlə, ticarət və sənaye sahəsi Finlandiya üçün çox vacibdir. Biz beynəlxalq rəqabət şəraitində çox işlər görmüşük, çalışmışıq ki, nailiyyətlər əldə edək. Biz bu baxımdan kifayət qədər yüksək göstəriciyə nail olmuşuq. Ümumdünya İqtisadi Forumunun hesabatında Finlandiya qlobal rəqabət siyahısında ən mühüm yerlərdən birini tutur. Son beş il ərzində əldə etdiyimiz göstəricilər, həqiqətən, çox yüksəkdir. Burada əyləşən nazirimiz sizə bu barədə daha ətraflı məlumat verəcəkdir. O, bu göstəricilərin qazanılması üçün çox çalışmışdır.
Ümumdünya İqtisadi Forumu maliyyə sektorunun inkişafını, təhsil sahəsini, hüquqi bazanın inkişaf etdirilməsini xüsusi qeyd etmişdir. Çünki bu sahələrin inkişafı məhz korrupsiyaya qarşı mübarizənin aparılması işinə əsas yaradır. Finlandiya korrupsiyaya qarşı mübarizədə birinci yeri tutur. Yəni ən az korrupsiya faktları tapılan ölkədir. Hesab edirəm ki, bu sahədə əldə etdiyimiz təcrübəni sizinlə bölüşə bilərik ki, siz də bu sahədə uğurlar qazana biləsiniz.
Şübhəsiz ki, digər ölkələrlə müqayisədə Finlandiyanın təcrübəsi onunla fərqlənir ki, biz rəqabət sahəsində, yəni ictimai idarəetmənin ən optimal formalarına nail olmuşuq. Azərbaycan da bu sahədə bizim təcrübəmizdən istifadə edə bilər. Finlandiyanın və şirkətlərinin əldə etdiyi uğurlar, məhz insan ehtiyatlarına əsaslanan uğurlardır ki, o da bizim ali məktəblərin, təhsil sistemimizin yetişdirdiyi kadrların fəaliyyəti sayəsində mümkün olmuşdur. Bu gün fərəh hissi ilə deyirəm ki, Finlandiya təhsil sahəsində ən yüksək göstəricilərə nail olmuşdur.
Hörmətli xanımlar və cənablar!
Nazirimiz ticarət və sənaye haqqında məlumatları sizə verəcəkdir. Sonra geniş müzakirələriniz olacaqdır. Ümid edirəm ki, siz Finlandiya ilə gələcəkdə daha geniş iqtisadi əməkdaşlığın qurulmasına nail olacaqsınız.
Sizə bir daha minnətdarlığımı bildirirəm. Cənab Prezidentə xüsusi təşəkkür edirəm. Nazirlər də sizinlə, Finlandiyanın təmsilçiləri ilə birlikdə əyləşərək biznes üçün imkanları araşdıracaq və müzakirə edəcəklər. Bizə göstərdiyiniz səmimi qonaqpərvərliyə görə çox sağ olun. Gələn dəfə Helsinkidə görüşərik.
X X X
İqtisadi inkişaf naziri Fərhad Əliyev Azərbaycan və Finlandiya prezidentlərinə forum iştirakçıları adından dərin təşəkkürünü bildirdi, ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün iş adamlarının sıx əməkdaşlıq edəcəklərinə, dövlət başçılarının danışıqları zamanı əldə olunmuş razılaşmaların, imzalanan sazişlərin uğurla həyata keçirilməsinin əlaqələrin sürətlə genişlənməsinə təkan verəcəyini söylədi.
Sonra forum öz işini davam etdirdi.