FİNLANDİYA PREZİDENTİ VƏ HƏYAT YOLDAŞI BAKININ GÖRMƏLİ YERLƏRİ İLƏ TANIŞ OLMUŞLAR
Finlandiya Respublikasının Prezidenti xanım Tarya Halonen və həyat yoldaşı Pentti Arayarvi, dövlət başçısını səfərdə müşayiət edən nümayəndə heyətinin üzvləri sentyabrın 30-da Bakının görməli yerləri ilə tanış olmuşlar.
“Şirvanşahlar sarayı kompleksi” Dövlət Tarix-Memarlıq Muzey-Qoruğu ilə tanışlıq zamanı ali qonağa məlumat verildi ki, XV əsrin əvvəllərində inşa olunmuş Şirvanşahlar sarayı ansamblı Azərbaycan memarlığının incilərindən biridir. Onun tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsindədir. Üç terras-həyətdə yerləşən ansambl dənizdən və şəhəri dövrəyə almış yüksəkliklərdən görünür.
Sonra ali qonaq və onu müşayiət edən şəxslər “Azərxalça” İstehsalat Birliyinin İçərişəhərdəki sexinə gələrək, xalçanın toxunma prosesi ilə tanış oldular, sərgi salonunda xalçalara baxdılar. Qonaqlara Azərbaycan xalçaları haqqında ətraflı məlumat verildi.
Finlandiya Prezidentinə Quba-Şirvan xalçası hədiyyə olundu. Xanım Tarya Halonen də öz hədiyyəsini təqdim etdi və burada xatirə şəkli çəkdirdi.
Finlandiyalı qonaqlar Karvansarada da oldular. Ali qonaq və həyat yoldaşı burada çay süfrəsinə dəvət edildilər. Prezidentə əl ilə toxunmuş xalça, paytaxtımız, Azərbaycan mətbəxi haqqında kitab və videokaset hədiyyə edildi.
Sonra Finlandiya Prezidenti Bakının rəmzi sayılan qədim Qız qalasına tamaşa etdi, əntiq mallar satılan dükanlara baxdı. Qonaqlara Qız qalası haqqında məlumat verildi. Finlandiya Prezidenti və onu müşayiət edən şəxslər Qız qalasından Bakının mənzərəsini seyr etdilər.