FİNLANDİYA PREZİDENTİ XANIM TARYA HALONENİN NİTQİ
- Hörmətli cənab Prezident və xanım Əliyeva!
Xanımlar və cənablar!
Cənab Prezident, ilk növbədə səmimi qəbulunuza görə, Finlandiya haqqında dediyiniz fikirlərə və mənim ünvanıma söylədiyiniz xoş sözlərə görə minnətdarlığımı bildirmək istərdim.
Sonuncu dəfə bu ilin may ayında Avropa Şurasının Varşavada keçirilmiş sammitində Sizinlə görüşmək mənə qismət oldu. Bu gün isə mən müstəqil Azərbaycana rəsmi səfər edən ilk Finlandiya Prezidenti olmağımdan böyük şərəf hissi duyuram.
Bu gün təyyarə hava limanında yerə enərkən mən 130 il bundan əvvəl Bakıda məskən salmış soydaşlarım haqqında fikirləşirdim. Onların əksəriyyəti Sankt-Peterburqda Nobel şirkəti üçün çalışırdılar və burada geniş inkişaf edən neft sənayesini gördükdən sonra Balaxanıdakı neft yataqlarına gələrək, orada öz bəxtlərini sınaqdan keçirmək arzusuna düşmüşdülər.
Helsinki və Bakı eyni imperiyanın tərkibində olan şəhərlər idi və finlandiyalılar evlərinə yazdıqları məktublarda Bakını “Şərq və ya Qərb dünyası kimi yox, bir çox yolların kəsişməsində olan məkan” və “müxtəlif xalqların və dinlərin bir-biri ilə görüşdükləri və qovuşduqları bir yer” kimi təsvir edirdilər.
Hazırda Azərbaycanın yataqları Xəzər dənizinin neft paytaxtına xarici sərmayədarları yenidən cəlb edir. “Əsrin müqaviləsi” reallığa çevrilmiş və Bakı-Tbilisi-Ceyhan boru kəməri ölkənizi Aralıq dənizi ilə birləşdirmişdir. Finlandiyanın iş adamları yenidən Abşeron yarımadasına öz nəzərlərini salmağa başlayırlar. Yüksək səviyyəli Finlandiya-Azərbaycan biznes forumunun mənim ölkənizə səfərimlə üst-üstə düşməsi bunun bariz nümunəsidir.
1996-cı ilin noyabr ayında gözəl paytaxtınıza xarici işlər naziri kimi etdiyim ilk səfər xatirimdədir. O vaxt Finlandiya ATƏT-in Minsk prosesinə həmsədrlik edirdi. Dağlıq Qarabağ münaqişəsi hətta bu gün də qəm-qüssə ilə öz həllini gözləyirsə, mən görürəm ki, 9 il ərzində ölkəniz və paytaxtınız gözəçarpan iqtisadi tərəqqiyə nail olmuşdur. İnanıran ki, yeni iqtisadi inkişaf həm də bizim ümumi dəyərlərimizin, demokratiya, insan hüquqları və qanunun aliliyinin bərqərar olunmasına öz töhfəsini verəcəkdir.
Bu il biz ATƏT-in 30 illiyini qeyd edirik. 1975-ci ildə Helsinkidə keçirilmiş ATƏM-in zirvə toplantısı Avropanın siyasi xəritəsində müvafiq dəyişikliklərə yol açdı. 1992-ci ildə Azərbaycan ATƏT-in Helsinkidə keçirilən sammitində iştirak edərək, artıq müstəqil dövlət kimi beynəlxalq səhnəyə yenidən qayıtdı. Minsk prosesi də 1992-ci ildə məhz Helsinkidə başlandı.
Bu gün biz hələ də otuz il bundan əvvəl üzləşdiyimiz çətinliklər qarşısındayıq. Mən təəssüflə qeyd edirəm ki, Minsk prosesi hələ də Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu axtarmaqdadır. Çox ümid edirəm ki, yaxın vaxtlarda biz danışıqlarda irəliləyişin şahidi olacağıq. Münaqişənin həlli regionda inkişaf üçün yeni və olduqca böyük imkanlar açacaqdır. Buna görə də, Minsk prosesi çərçivəsində münaqişənin aradan qaldırılması üçün bütün vasitələrdən istifadə olunmalıdır.
Nəhəng enerji resurslarının istifadə olunması bir çox xalqların rifahını yüksəldəcəkdir. Qloballaşma ölkələri bir-birinə yaxınlaşdırır, lakin eyni zamanda çətinliklər də gətirir. Gəlirlər səviyyəsində get-gedə artan fərqlər hətta inkişaf etmiş demokratik ölkələrdə də qaçılmaz amilə çevrilmişdir. Beləliklə, dövlətin gəlirləri əhali arasında nə qədər bərabər paylanarsa, cəmiyyət bir o qədər sabit olar. Bu baxımdan, mən Azərbaycanda yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə dövlət proqramını alqışlayır, onun həyata keçirilməsində Sizə böyük müvəffəqiyyətlər arzulayıram.
Azərbaycan və ümumən Cənubi Qafqaz Avropa İttifaqı üçün get-gedə əhəmiyyəti artan tərəfdaşlara çevrilmişdir. Avropa İttifaqı tərəfindən 2003-cü ildə Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin təyin olunması bu meylin sübutudur. Finlandiya bu sahədə fəal rol oynayır və təbii ki, biz ölkəmizin təcrübəli diplomatı səfir Heyki Talvitiyenin bu vəzifəyə təyin olunmasından məmnunuq və fərəh hissi keçiririk. Avropa İttifaqı Azərbaycan, Ermənistan və Gürcüstanla daha sıx münasibətlərin qurulması xəttinə sadiqdir. Avropa İttifaqının hər üç ölkəyə Avropanın “Yeni qonşuluq siyasəti”nə qoşulmaq dəvəti regionda tərəqqi, sabitlik və rifaha xidmət edir. Finlandiya Avropa İttifaqında qarşıdan gələn sədrliyi zamanı Azərbaycanla Avropa İttifaqı arasında münasibətləri daha da inkişaf etdirmək arzusundadır.
Bir neçə həftədən sonra beynəlxalq ictimaiyyət Sizin parlament seçkilərinizi böyük diqqətlə izləyəcəkdir. Mən əminəm ki, Siz Azərbaycanın şəffaf, azad və ədalətli seçkilər keçirməyə qadir olmasını bütün dünyaya nümayiş etdirəcəksiniz və ölkəniz regionda təkamül yolu ilə dəyişikliklərin nümunəsi olacaqdır. Bu gün dünya ölkələrinin bir-birinə həmişəkindən daha çox ehtiyacı var. Biz demokratiya, iqtisadiyyat və təhlükəsizliyin bir-biri ilə sıx bağlı olduğu ümumi dünyada yaşayırıq.
Ümid edirəm ki, mənim Azərbaycana səfərim ölkələrimizin münasibətlərini möhkəmləndirəcək və Finlandiya ilə Azərbaycan arasında iqtisadi inkişafa təkan verəcəkdir.
Cənab Prezident, icazə verin, mənə göstərdiyiniz səmimi qonaqpərvərliyə görə Sizə bir daha öz minnətdarlığımı bildirim və bu badəni Sizin sağlığınıza və birinci xanımın sağlığına, Azərbaycan xalqının xoşbəxtliyi və rifahı, Finlandiya və Azərbaycan arasında gələcək əməkdaşlığın şərəfinə qaldırım.
X X X
Sonra incəsənət ustalarının iştirakı ilə konsert oldu.