Fitosanitar vəziyyətin idarə edilməsi mexanizmi texniki innovasiyalar əsasında təkmilləşdirilməlidir
Bakı, 19 may, Ramiz Quliyev, AZƏRTAC
Məhsul istehsalçıları ilə əlaqələr genişləndirilməli, texniki innovasiyalar əsasında respublika ərazisində fitosanitar vəziyyətin idarə edilməsi mexanizmi təkmilləşdirilməli, dövlət xidmətinin qurumları arasında mövcud olan elektron idarəetmə sisteminin çoxfunksiyalılığı təmin edilməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 19-da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində “Azərbaycan ərazisində mövcud fitosanitar vəziyyət və bitki mühafizəsi sahəsində innovativ idarəetmənin tətbiqi” mövzusunda keçirilən respublika müşavirəsində Xidmət rəisi Camal Quliyev deyib.
Dövlət Xidmətinin rəisi müşavirədə respublika ərazisində mövcud fitosanitar vəziyyəti təhlil edərək, zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin rasionallaşdırılması, pestisidlərdən istifadə zamanı müasir yanaşmanın tətbiqi, bioloji mübarizə üsullarından istifadənin genişləndirilməsi, inteqrir mübarizə tədbirləri sxeminə keçidin sürətləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Qeyd edilib ki, zərərli orqanizmlərə nəzarət sisteminin səmərəliliyini yüksəltmək məqsədilə çəyirtkəkimilərin monitorinqi və idarəedilməsi üzrə istifadə edilən Məlumatların Avtomatlaşdırılmış Toplanma Sistemi digər əsas zərərvericilərə də tətbiq olunmalı, statistik informasiyaların daxil olması üçün interfeys və coğrafi informasiya sistemi məhsulları yaradılmalıdır.
“Regional aqrokimya laboratoriyaları tərəfindən əkin sahələrində və digər kənd təsərrüfatına yararlı torpaqlarda torpağın morfoloji, fiziki-kimyəvi, mexaniki və bioloji xüsusiyyətlərindən asılı olaraq kənd təsərrüfatı bitkilərinin qida maddələri, rütubət ehtiyatı ilə təmin edilməsinin müəyyənləşdirilməsi, torpağın qida maddələri ilə təminolunma dərəcəsindən, bitkilərin bioloji xüsusiyyətindən və məhsuldarlıqdan asılı olaraq lazımi gübrə normalarının təyin edilməsi sahəsində fermerlərə və torpaq mülkiyyətçilərinə dəstək gücləndirilməlidir”, - deyə C.Quliyev vurğulayıb.
Xidmət rəisi görülən işlərin bitkiçilik məhsullarının istehsalının artırılmasına, keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına, insan sağlamlığına, respublika ərazisində fitosanitar sabitliyin qorunub saxlanılmasına, bitki mühafizəsi sahəsində fəaliyyət göstərən qurumların cəmiyyətdə müsbət imicinin formalaşdırılmasına və nüfuzunun yüksəldilməsinə xidmət edəcəyinə əminliyini bildirib.
Tədbirdə, həmçinin bitki mühafizəsi tədbirlərinin çevikliyini, obyektivliyini və etibarlılığını təmin etmək məqsədilə əsas kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərinin proqnozu əsasında mübarizə tədbirlərinin vaxtının və həcminin müəyyənləşdirilməsi, məlumat və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi ilə bağlı daxili kommunikasiya sistemlərinin inkişaf etdirilməsi məsələləri hərtərəfli müzakirə edilib və müvafiq tapşırıqlar verilib.