Flora Xəlilzadə: Jurnalist üçün sözün məsuliyyəti hər şeydən üstündür
Bakı, 21 iyul, AZƏRTAC
Mən 50 il jurnalistika sahəsində fəaliyyət göstərmişəm. Bəlkə də daha çox. Çünki tələbəlik illərində də, hətta ondan əvvəl də yazılı mətbuatla məşğul olmuşam. Fəaliyyətimin 10 ili televiziya ilə bağlı olub, 40 ilini isə tamamilə yazılı mətbuata həsr etmişəm. Elə televiziyada çalışanda da mətbuatımızın ənənələrinə sadiq qalmışam.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Əməkdar jurnalist, yazıçı-publisist Flora Xəlilzadə söyləyib.
Flora Xəlilzadə bildirib ki, Jurnalistika fakültəsində təhsil aldığı illərdə qazandığı bilik və müəllimlərindən aldığı tövsiyələr bütün yaradıcılığı boyu onun üçün yol göstəricisi olub.
"Mən Jurnalistika fakültəsində elə müəllimlərdən dərs almışam ki, onların verdiyi biliklər, tövsiyələr ömrüm boyu əlimdə qələm olan bütün illərdə mənim yoluma işıq salıb. Həmişə çalışmışam onların dediklərinə əməl edim. Məsələn, mənim sevimli müəllimim Əzizə Cəfərzadə deyərdi ki, həmişə həqiqəti de. Amma həqiqəti demək mümkün olmadığı zamanda sus, təki dilindən yalan çıxmasın. Mən bu nəsihəti ömrüm boyu unutmadım. Zaman dəyişsə də, jurnalistikanın əsas prinsipləri dəyişməməlidir. Jurnalist üçün sözün məsuliyyəti hər şeydən üstündür. Bir müdrik ifadə var: qələm sözün açarıdır. Əgər qələm sözün açarıdırsa, söz də qəlbin açarı olmalıdır. Sənin qəlbin, ürəyin necədirsə, yazdıqların da onu ifadə edir, onu əks etdirir", – deyə Flora Xəlilzadə bildirib.
Əməkdar jurnalist müəllimlərini dərin ehtiramla xatırlayır: “Nəsir İmanquliyevdən, Mir Cəlaldan, Qulu Xəlilovdan, Şirməmməd Hüseynovdan, Tofiq Rüstəmovdan, Famil Mehdidən dərs almışam. Onların verdiyi biliklər bu günə qədər mənim qolumdan tutub. Mən onların xatirəsi qarşısında, ruhları önündə həmişə baş əymişəm. Yadımdadır, birinci kursda bizi Fəxri xiyabana apardılar. Həsən bəy Zərdabinin məzarı önündə and içdik ki, sənin ənənələrinə, sənin dediklərinə əməl edəcəyik. Bilmirəm buna nə qədər əməl edə bilmişəm. Amma dövlət tərəfindən təltif olunmağım, mükafatlandırılmağım, xalqın mənə rəğbəti, illər boyu aldığım oxucu məktubları və zəngləri mənə göstərdi ki, müəllimlərimin arzuladığı jurnalist olmağa çalışmışam. Mən bununla fəxr edirəm. Qələmimə sadiq qalmışam", – deyə Flora Xəlilzadə bildirib.
Flora Xəlilzadə sonda gənc həmkarlarına müraciət edib: "Uzun illər birlikdə çalışdığım yazıçı və jurnalist Xalidə Hasilova mənə demişdi ki, çörək yerə düşər, götürüb öpər, gözünün üstünə qoyarsan. Amma sözün yerə düşsə, onu heç nə ilə qaldıra bilməzsən. Ona görə də mən gənc jurnalist dostlarıma yalnız bir söz demək istəyirəm: sözünüz yerə düşməsin”.
Müxbir - Səbinə Əlizadə