İDMAN
Formula 1 Azərbaycan Qran-Prisinin fəal 5 könüllüsü Monakoya səfər edəcək
Bakı, 10 may, AZƏRTAC
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) builki Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar görülən təşkilatçılıq işlərində yüksək fəallığı ilə seçilən beş könüllünü – Nigar Pənahovanı, Hikmət Əlizadəni, Rəna Göyüşovanı, Şəms Balayevanı və Tural Özbəkzadəni mayın 25-27-də keçiriləcək Monako Qran-Prisinə göndərəcək.
AZƏRTAC xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd gənclər arasında könüllülük fəaliyyətinə maraq oyatmaq və Formula 1 yarışında yüksək fəallığı ilə fərqlənən gəncləri mükafatlandırmaqdır.
BŞH-nin insan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova qaliblərin nəzəri və praktiki yoxlamalar əsasında müəyyənləşdirildiyini bildirərək deyib: “Bakıda Formula 1 yarışı zamanı 3 min könüllü xidmət göstərib və onların arasından 260 nəfər xüsusilə fərqlənib. Daha sonra bu könüllülər arasında yarışa hazırlıq çərçivəsində təşkil olunmuş təlim və seminarlara dair nəzəri imtahan keçirilib. Ən yüksək bal toplayan 5 könüllü Monako Qran-Prisinə səfər etmək imkanı əldə edib.
Ümumilikdə bütün könüllülərimiz yarış ərəfəsində yüksək xidmət ortaya qoyublar. Fürsətdən istifadə edərək hər bir könüllümüzə şirkətimiz adından dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, burada qazanılan zəngin təcrübə könüllülərimizə gələcək peşəkar fəaliyyətlərində böyük uğurlara yol açacaq”.
Monakoya səfər edəcək könüllülərin səyahət, qonaqlama və yarışda iştirakla əlaqədar bütün xərcləri əməliyyat şirkəti tərəfindən ödəniləcək.
Müsabiqədə ilk onluqda yer alan digər könüllülər - Aytac Qasımova, Xumar Cəmilli, Nuriyyə Nurəhmədova, Svetlana Məmmədova və Elnur Əbilhəsənov da qiymətli hədiyyələrlə mükafatlandırılıblar.