FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNDƏ GÖRÜŞ
İsrailli nazir demişdir ki, ölkəsində Azərbaycanın yüksək iqtisadi inkişafını böyük maraqla izləyirlər. Çünki ölkələrimizi dostluq münasibətləri ilə yanaşı, ümumi iqtisadi maraqlar da birləşdirir. Məhz buna görə İsrail üçün nəinki xarici siyasətdə ümumi səyləri əlaqələndirmək, həmçinin dövlətlərimiz arasında iqtisadi münasibətləri dərinləşdirmək də çox vacibdir. İsrailin milli infrastruktur naziri, həmçinin fövqəladə hallara tam mənada operativ reaksiya verə biləcək bir qurumun yaradılmasında əməkdaşlıq təklif etmişdir. Qonağın fikrincə, fövqəladə halların qarşısının alınması və onlara nəzarətin ümumi strategiyasının yaradılması birgə əməkdaşlığın fəaliyyət sahələrindən biri ola bilər. Həmçinin, İsrail tərəfi Azərbaycan Fövqəladə Hallar Nazirliyinə xilasedicilərin təkmilləşdirilməsi üzrə ixtisaslaşdırılmış kursların təşkilində kömək etmək niyyətindədir. Benjamin Ben-Eliezer vurğulamışdır ki, vaxtaşırı terrorçuların hücumlarına məruz qalan İsrail belə hadisələrin nəticələrinin ləğvi sahəsində xüsusi təcrübə qazanmış və mülki müdafiə sahəsində peşəkar mütəxəssislərin hazırlanmasına nail olmuşdur.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov maraqlı təkliflərə görə qonağa təşəkkür etmiş və gələcək əməkdaşlıq imkanları, formaları ilə bağlı təkliflərini yaxın zamanlarda səfirlik vasitəsilə qarşı tərəfə ünvanlayacağını demişdir. Nazir, həmçinin İsraildən xüsusi xilasedici texnikanın alınması ilə bağlı məsələlərə də baxılacağını vurğulamış, təhlükəsizlik üzrə kompleks tədbirlərin çevik və operativ yerinə yetirilməsində bu cür avadanlığın xüsusilə əhəmiyyətli olduğunu diqqətə çatdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulmuşdur.