MƏDƏNİYYƏT
Frankofoniya həftələrinin proqramı zəngindir
Bakı, 28 mart, AZƏRTAC
Martın 30-dan etibarən Bakıda Frankofoniya həftələrinə start veriləcək.
AZƏRTAC xəbər verir ki, martın 28-də bu münasibətlə “Landmark”da ondan çox Avropa ölkəsinin Azərbaycandakı səfirlərinin iştirakı ilə mətbuat konfransı keçirilib.
Media təmsilçilərinə məlumat verilib ki, aprelin 15-dək davam edəcək Frankofoniya həftələri on bir Avropa dövlətinin ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə reallaşacaq. Belə ki, nəzərdə tutulan mədəni tədbirlərin tam proqramını Fransa, Belçika, Kosta-Rika, Yunanıstan, Macarıstan, Mərakeş, Meksika, Moldova, Rumıniya, İsveçrə, Estoniya, Litva, Latviya ölkələrinin səfirlikləri və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi təqdim edəcək. Frankofoniya həftələri çərçivəsində rəsm sərgiləri və konsertlər təşkil olunacaq, uşaqlar üçün müxtəlif məşğuliyyətlər reallaşdırılacaq və mühazirələr deyiləcək. Həmçinin bir neçə ekran əsərinin nümayişi də nəzərdə tutulur.
Qeyd edək ki, Beynəlxalq Frankofoniya Təşkilatı bu gün, fransız dili və insan hüquqlarına hörmət, qadınlar və kişilər arasında bərabərlik, ifadə azadlığı və s. kimi universal dəyərlər ilə birləşən 84 dövlət və dövlət qurumunu (58 üzv və 26 müşahidəçi) bir araya gətirir.