FRANSA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB JAK ŞİRAKA
Hörmətli cənab Prezident,
Əziz dost,
Ölkənizin milli bayramı - Bastiliyanın alınması günü münasibətilə Sizi və Sizin simanızda dost Fransa xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Fransa münasibətlərinin hərtərəfli inkişafı bizim üçün çox əhəmiyyətlidir. Ötən illər ərzində ikitərəfli əlaqələrimiz dostluq zəminində böyük təkamül yolu keçərək qarşılıqlı faydalı əməkdaşlıq və strateji xarakter daşıyan tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Biz beynəlxalq aləmdə, siyasi məsələlərdə Fransanın Azərbaycana layiqli dəstəyini həmişə hiss edir və bunu yüksək qiymətləndiririk.
Azərbaycanın həyata keçirdiyi irimiqyaslı transmilli layihələri əhatə edən enerji sektorunda, eləcə də iqtisadiyyatın digər sahələrində uğurlu işgüzar əməkdaşlığımız bu gün real nəticələr verməkdədir.
ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə aradan qaldırılması prosesində fəal iştirak edir. Ümidvaram ki, Sizin başçılığınız ilə Fransa bundan sonra da nizamasalma prosesində əzmkarlığını davam etdirərək, məsələnin ədalətli həlli, tezliklə sülh əldə edilməsi üçün səylərini daha da artıracaqdır.
Cənab Prezident, bu əlamətdar bayram münasibətilə Sizə ən xoş arzularımı yetirir, dost Fransa xalqına xoşbəxtlik və firavanlıq diləyirəm.
Ən səmimi hisslərlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 5 iyul 2005-ci il.