Fransa Senatında “Münaqişə vəziyyətində qadın hüquqları: Azərbaycan qadınlarının timsalında” məruzəsinin təqdimatı olub
Paris, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 22-də Fransa Senatının binasında Belçika Senatının fəxri spikeri An-Mari Lizin, MEVA - qadın hüquqları qeyri-hökumət təşkilatının baş katibi Patrisiya Lalondun və münaqişə zonalarında geosiyasət üzrə ekspert Didye Şodenin birgə tərtib etdikləri “Münaqişə vəziyyətində qadın hüquqları: Azərbaycan qadınlarının timsalında” adlı məruzənin təqdimatı olub.
Təqdimat mərasimində Fransa senatoru Jan-Mari Bokel, Azərbaycanın bu ölkədəki səfiri Elçin Əmirbəyov, MEVA-nın baş katibi Patrisiya Lalond və münaqişə zonalarında geosiyasət üzrə ekspert Didye Şode iştirak ediblər.
Ann-Mari Lizinin rəhbərliyi ilə hazırlanan məruzənin əsas məqsədi Avropa ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin nəticələri, azərbaycanlı qaçqın və məcburi köçkünlərin, eləcə də bu problemin əsas qurbanları olan qadınların vəziyyəti haqqında ətraflı məlumatlandırmaqdır.
Mərasimi giriş sözü ilə açan senator Bokel Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq mətbuatda gedən bir çox xəbərlərin Azərbaycanın reallıqlarını əks etdirmədiyini vurğuladı.
Didye Şode Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında məlumat verərək, tərəflər arasında atəşkəsin mövcudluğuna baxmayaraq vaxtaşırı qurbanların və bu qurbanlar arasında mülki şəxslərin də olduğunu vurğuladı. O, Azərbaycanın regionda güclü orduya malik olmasına baxmayaraq, hələ də səbirlə münaqişənin sülh yolu ilə həllinə ümid etdiyini söylədi. Ekspert Avropa və Fransa diplomatlarını Azərbaycanın səbir kasasını daşdırmamağa, münaqişənin həllinə daha diqqətlə yanaşmağa çağırdı.
O, ölkəmizin təkcə münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünü deyil, eləcə də digər ölkələrdən gələn qaçqınları (əfqan, məhsəti türkləri, çeçen) qəbul etdiyini və bu fenomenlə tək başına qalıb onun öhdəsindən müvəffəqiyyətlə gəldiyini diqqətə çatdırdı. Azərbaycanda hökm sürən dini tolerantlıqdan, müxtəlif dinlərin, etnik qrupların nümayəndələrinin mehriban ailə kimi yaşamasından danışaraq, azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qaldığını qeyd etdi.
Məruzənin əsas məqsədinin azərbaycanlı qaçqın və məcburi köçkün qadınların vəziyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq olduğundan Patrisiya Loland Azərbaycanda dövlət səviyyəsində bu istiqamətdə görülən işlərdən danışdı. P.Loland çıxışında qaçqın və məcburi köçkünlərlə bağlı hökumətin həyata keçirdiyi bir sıra dövlət proqramlarından söhbət açdı və görülən müsbət işlər haqqında məlumat verdi.
Məruzəçilər dünyəvi respublika olan Azərbaycanda siyasi, iqtisadi və digər sahələrdə qadınların rolu və yerindən, qadınlara keçən əsrin əvvəllərindən seçib-seçilmək hüququ verilməsindən danışdılar. Onlar bir neçə rayonda qaçqın və məcburi köçkünlərlə görüşdüklərini deyərək Xocalı soyqırımı zamanı ərlərini, oğullarını, qardaşlarını itirən və əsir düşən qadınların aldıqları psixoloji zədələrin nə qədər dərin olduğunu gördüklərini bildirdilər. Müəlliflər bu münaqişə nəticəsində yüzlərlə insanın əsir götürüldüyünü, 4 mindən artıq şəxsin itkin düşdüyünü və bu günədək onlardan heç bir xəbər olmadığını diqqətə çatdırıblar.
P.Loland Xocalıda dəhşətli cinayət törədildiyinə toxunaraq, bu faciə ilə bağlı Serj Sarkisyanın söylədiyi fikirləri xatırlatdı “Azərbaycanlılar elə bilirdilər ki, biz zarafat edirik və heç vaxt mülki əhaliyə əl qaldırmarıq. Amma Xocalıdakı əməliyyatdan sonra başa düşdülər ki, biz kifayət qədər ciddiyik”. O, bu dəhşətli fikrin Xocalı qırğınının nə dərəcədə ağır bir qətliam olmasından xəbər verdiyini bildirdi.
Məruzəçilər bu gün erməni lobbisinin ABŞ-da və Fransada çox güclü olduğunu da diqqətə çatdıraraq bundan bəzi deputatların seçki siyasətində istifadə etdiklərini vurğuladılar.
Sonda Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov məruzəçilərə və bu mərasimin təşkilatçılarına qaçqın və məcburi köçkün azərbaycanlı qadınlara göstərdikləri diqqətə görə təşəkkür etdi. Səfir Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasəti, rəsmi Yerevanın beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də bir çox beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrə riayət etməməsindən danışdı. O, xüsusilə bu gün insan hüquqlarının müdafiəsi ilə məşğul olan şəxsləri münaqişə nəticəsində hüquqları pozulan azərbaycanlı qaçqın və məcburi köçkün qadınların, uşaqların hüquqlarının bərpasına kömək etməyə çağırdı.
Patrisiya Lalond ərəb ölkələrindən birində bir blogerin çarmıxa çəkilməsindən aylarla yazan fransız mətbuatını 20 ildən çoxdur ki, bütün hüquqları pozulan azərbaycanlı qadın və uşaqlardan da yazmağa dəvət etdi.
Məruzəçilər bildiriblər ki, Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanmasından ehtiyatlanaraq hazırladıqları məruzə ilə beynəlxalq ictimaiyyətin diqqətini bu problemin həlli yollarının tapılmasına cəlb etmək istəyirlər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris