Fransada 2 dekabr tətilləri: Nəqliyyatda, məktəblərdə və dövlət idarələrində gözlənilən çətinliklər
Paris, 1 dekabr, AZƏRTAC
Fransada CGT, FSU və “Solidaires” kimi həmkarlar ittifaqlarının çağırışı ilə dekabrın 2-də ölkə üzrə genişmiqyaslı sosial etiraz və tətil aksiyası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, hərəkatda “ədalətli maaşlar” və “sosial ədalət” tələbləri səsləndiriləcək. Həmkarlar ittifaqları xüsusilə 2026-cı il dövlət büdcəsinə etiraz edir və ictimai xidmətlərdən pensiyalara, sənayedən mədəniyyətə qədər geniş sahələrdə əlavə maliyyə ayrılmasını tələb edirlər.
“Pul var - supervarlıların və patronatın cibindədir!”, - deyə CGT-nin yaydığı çağırış vərəqində belə yazılıb. Etirazın məqsədi məhz bu resursların daha ədalətli bölüşdürülməsi üçün təzyiq göstərməkdir.
Etiraz aksiyaları və tətillərin ən çox nəqliyyat sektoruna təsir edəcəyi bildirilir.
Məktəblərdə bir çox siniflərin bağlanması gözlənilir. Ölkənin ibtidai təhsil üzrə ən böyük həmkarlar ittifaqı 2026-cı il büdcəsində 4 000 müəllim yerinin ləğvini sərt şəkildə tənqid edir. İttifaqa görə maaşların dondurulması, iş şəraitinin pisləşməsi, iş yükünün artması, pensiya islahatları və resurs çatışmazlığı kimi hallar tətil üçün kifayət qədər səbəblərdir.
Orta məktəb müəllimlərini təmsil edən Snes-FSU həmkarlar ittifaqı isə iş yerlərinin ləğvinin dərhal dayandırılmasını tələb edir və müəmmalı statusda çalışan müəllim əvəzedicilərinin və xüsusi təhsil müşayiətçilərinin vəziyyətinə diqqət çəkir.
Buna görə də həm ibtidai, həm də orta məktəblərdə sinif bağlanmaları geniş olacaq.
Həmkarlar ittifaqları bildirir ki, 2026-cı il büdcəsi dövlət xidmətlərində, xüsusilə də Təhsil Nazirliyində, “France Travail” (məşğulluq xidməti) strukturunda, Dövlət Maliyyəsi orqanlarında, Sosial Təhlükəsizlik qurumlarında 3 000 iş yerinin ləğvini nəzərdə tutur.
CGT-nin Yerli Xidmətlər Federasiyası dekabrın 2-i üçün 24 saatlıq tətil çağırışı edib və üzv təşkilatları bütün yerli və milli aksiyalara qoşulmağa səsləyib.
Dövlət və yerli özünüidarəetmə çərçivəsində çalışan tibb işçilərinin öncədən verdiyi tətil bildirişləri səbəbi ilə xəstəxanalarda xidmətlərin qismən azalması gözlənilir. “CGT Sante” həmkarlar ittifaqı sosial səhiyyə sektoru üçün yayımladığı bəyanatda səhiyyə müəssisələrinin büdcələrinin “ictimai xidmət missiyalarını yerinə yetirmək üçün yetərsiz olduğunu bildirir. Həmçinin maaş artımlarının inflyasiyanı kompensasiya etmədiyi, bəzi peşələrdə əməkhaqqının hətta minimum əməkhaqqından aşağı olduğu vurğulanır. Buna görə də ittifaq 10 faizlik ümumi maaş artımı və çox aşağı əməkhaqqını kompensasiya etmək üçün xüsusi diferensial ödənişlərin artırılmasını tələb edir.
Dekabrın 2-də keçiriləcək tətillər zamanı təhsil, dövlət xidmətləri və səhiyyə sektorunda da çətinliklərin hiss olunacağı gözlənilir. Həmkarlar ittifaqları üçün bu gün maaş ədalətsizliyi, iş şəraitinin pisləşməsi və ictimai xidmətlərin zəifləməsi kimi məsələlərə diqqət çəkmək üçün mühüm bir fürsətdir.