Fransada polis zorakılığı: insidentlə bağlı deputat prokurora müraciət edib
Paris, 22 yanvar, AZƏRTAC
Fransanın “Əyilməz Fransa” (La France Insoumise -LFI) partiyasının deputatı Pol Vanniye Val-d’Uazın Argentöy şəhərində polis zorakılığına dair yayılan videodan sonra Pontuaz Prokurorluğuna müraciət edib.
AZƏRTAC xəbər verir ki, qonşunun balkonundan çəkilmiş görüntülərdə polis əməkdaşlarının 20 yaşlı gənci həbs edərkən döydüyü görünür. Məlumata görə, gənc dostunu gözləyərkən binanın yaxınlığında saxlanılıb. Həmin ərazi şəhərdə narkotik ticarəti ilə tanınan nöqtələrdən biri kimi təqdim olunur.
Pol Vanniye bildirib ki, videoları və şahid ifadələrini nəzərdən keçirdikdən sonra bir neçə gün ərzində rəsmi müraciət edib. Deputat X platformasında paylaşdığı mesajında qeyd edib ki, bu addım onun seçki dairəsində yaşayan sakinlərə göstərilən polis zorakılığına qarşı hüquqi tədbir kimi atılıb. O, eyni zamanda, bütün polis qüvvələrini gözdən salmaq məqsədi daşımadığını, onların vacib və çətin vəzifələrlə üzləşdiyini vurğulayıb.
Polis tərəfindən zorakılığa məruz qalmış gənc ifadəsində bildirib ki, həbs olunarkən müqavimət göstərməyib, əl və ayaqları bağlandıqdan sonra isə üzünə və bədəninə zərbələr endirilib. Hələ tibbi müayinə olunmadığını, xüsusilə bel ağrıları səbəbindən gündəlik hərəkətlərində çətinlik çəkdiyini bildirib.
Milli polis tərəfindən verilən açıqlamada isə “Unité” həmkarlar ittifaqının nümayəndəsi Pyer-Alən Giye ehtiyatlı olmağa çağırıb. O, polis zorakılığının kontekstdən asılı olaraq, qanuni olduğunu bildirib və hadisə ilə bağlı inzibati araşdırmanın nəticələrini gözləməyin vacib olduğunu vurğulayıb.
Hadisə ilə bağlı inzibati araşdırma aparılıb. 20 yaşlı gənc isə polis qüvvələrinə qarşı zorakılıqda ittiham olunur və yenidən çağırılmasını gözləyir. Sosial şəbəkələrdə yayılan video isə polisin zorakılığını göstərir.