FRANSADA “SAXTAKARLIĞA VƏ PİRATÇILIĞA QARŞI MÜBARİZƏ ÜZRƏ” İKİNCİ QLOBAL KONQRES KEÇİRİLMİŞDİR
Saxtakarlığa və piratçılığa qarşı mübarizə sahəsində hökumət və biznes sektorunun iştirakı ilə səmərəli planların və yaxşı təcrübənin tətbiqinə imkan yaratmaq məqsədi ilə təşkil edilmiş konqresdə iştirakçı ölkələrin hökumət və biznes qurumlarının, beynəlxalq təşkilatların gördüyü işlər üzrə çıxışlar olmuş, bəzi təşəbbüslər nəzərdən keçirilmişdir.
Məruzələrdə əsasən qeyd olunan problemlər açıqlanaraq, saxtakarlığın və piratçılığın ölkələrin iqtisadiyyatı, insanların həyat və sağlamlığı üçün törətdiyi mənfi təsirlərindən söz açılmış, nümunələr göstərilmiş, kontrafakt malların qeyri-qanuni istehsalına, ticarətinə və satışına qarşı mübarizənin səmərəliliyinin daha da artırılması üçün ciddi sanksiyaların müəyyənləşdirilməsi, qanunverici normaların optimallaşdırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, bu sahədə məlumatlandırma işinin gücləndirilməsi məsələlərinin vacibliyinə toxunulmuşdur. Yekun hesabatda saxtakarlığa və piratçılığa qarşı mübarizə sahəsində fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.
Konqres çərçivəsində DGK-nın sədri Kəmaləddin Heydərov bir sıra görüşlər keçirmişdir.
Ümumdünya Gömrük Təşkilatının baş katibi Mişel Dane ilə görüşdə əqli mülkiyyət hüquqlarının qorunmasını dövrün aktual məsələlərindən biri kimi səciyyələndirən Kəmaləddin Heydərov, bu sahədə ölkəmizdə görülən işlər haqqında məlumat vermişdir.
ÜGT tərəfindən qəbul olunan tövsiyə və sənədlərin, eləcə də həyata keçirilməsi nəzərdə tutulan işlərin, kontrafakt malların yayılmasına yol verilməməsi üçün cavab tədbirlərinin səmərəliliyinin artırılmasında gömrük orqanlarının rolu haqqında fikir mübadiləsi aparılmışdır. Mişel Dane Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə maraqlandığını bildirmiş və onun nəticələrini müsbət qiymətləndirmiş, ölkəmizin inkişafında yeni uğurlar qazanılmasını arzulamışdır.
İnterpolun baş katibi Ronald Nobl ilə görüşdə isə bu təşkilatla Azərbaycanın gömrük orqanları arasında yaranmış işgüzar əlaqələr, aidiyyəti fəaliyyət istiqamətləri üzrə əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi vurğulanmışdır. DGK-nın sədri Kəmaləddin Heydərov narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə, kütləvi qırğın silahlarının istehsalı üçün istifadə edilə biləcək malların gömrük sərhədindən keçirilməsinə qarşı mübarizə sahəsində aparılan işlər haqqında məlumat vermiş, Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində narkotik vasitələrin istehsalı və daşınması üçün istifadə olunduğunu söyləmişdir. Bildirmişdir ki, İnterpol və Azərbaycanın gömrük xidməti arasında müvafiq sahələr üzrə birgə əməkdaşlığın bundan sonra da həyata keçirilməsi vacibdir.
Ronald Nobl gömrük xidmətlərinin saxtakarlığa və piratçılığa qarşı mübarizə sahəsində aparıcı hökumət orqanlarından biri olduğunu bildirmiş, gələcək əməkdaşlığın möhkəmlənməsinin zəruriliyini təsdiqləmiş, Azərbaycanda keçirilmiş demokratik parlament seçkiləri üçün yaradılmış əlverişli şəraiti müsbət dəyərləndirmiş və ölkəmizi bu münasibətlə təbrik etmişdir. O, Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu sahəsindəki nailiyyətləri, bu uğurların sabitlik şəraitində əldə olunduğunu xüsusi vurğulamışdır.
İnterpolun baş katibi Azərbaycana səfərə dəvət olunmuşdur.