RƏSMİ XRONİKA
FRANSANIN VETERANLARIN İŞLƏRİ NAZİRİ HAMLAUİ MEKAŞERANIN ÇIXIŞI
- Cənab Prezident,
Hörmətli xanım Əliyeva!
Parisdə iki gün olduqdan sonra Siz bu regionun iqtisadi dairələri ilə görüşmək məqsədi ilə buraya səfər edirsiniz. Lill şəhəri və Nord-Pa-de-Kale regionunun rəhbərləri bu gün Sizi qəbul etməkdən şərəf hissi duyurlar. Bu regionun hökuməti və siyasi, idarəçilik, iqtisadi və mədəni dairələri adından Sizə səmimi qəlbdən “Xoş gəlmisiniz!” deyirəm.
Gördüyünüz kimi, region dinamik inkişaf edir. Parislə və digər Avropa ölkələrinin paytaxtları ilə yüksək sürətli qatarların birləşdirdiyi Lill şəhəri və Nord-Pa-de-Kale regionu milli iqtisadiyyatda xüsusi yer tutur və mühüm rol oynayır.
Cənab Prezident,
Hörmətli xanım Əliyeva!
Mən şübhə etmirəm ki, bu səfər ölkələrimizin qarşılıqlı marağına xidmət edən əlaqələrimizi daha da inkişaf etdirməyə imkan yaradacaqdır.
Cənab Prezident,
Hörmətli xanım Əliyeva!
Sizi dünən “Zəfər Tağı” qarşısında qəbul etməkdən böyük şərəf hissi duydum. Naməlum əsgərin məzarına əklil qoyduqdan sonra Sizi siyasi, iqtisadi və mədəni məna daşıyan səfəriniz zamanı müşayiət etməkdən çox məmnun oldum.
Fransa ilə Azərbaycan arasında müasir əlaqələrin tarixinin qısa olmasına baxmayaraq, onlar qarşılıqlı hörmət və ehtirama əsaslanır. Cənab Prezident, xanım Əliyeva, mən bu səfərin nəticəsində münasibətlərimizin daha da möhkəmlənməsindən məmnunam.
Mən öz badəmi ölkələrimiz və xalqlarımız arasında formalaşmış dostluğun şərəfinə, habelə Sizin və xanım Əliyevanın şərəfinə qaldırmaq istəyirəm.