Fuad Muradov: “Yüksəliş” müsabiqəsinin finalçıları Azərbaycanın təbliği istiqamətində fəal rol oynayacaqlar VİDEO
Bakı, 17 iyul, AZƏRTAC
“Yüksəliş” müsabiqəsinin finalçıları Azərbaycanın maraqlarının qorunmasında fəal rol oynayacaqlar.
AZƏRTAC xəbər verir ki, bu fikri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində çıxışı zamanı səsləndirib. O bildirib ki, xaricdə yaşayan azərbaycanlıların Azərbaycan dövlətinə münasibətinin formalaşmasında şəxsi inkişaf və milli dəyərlərə bağlılıq mühüm rol oynayır.
Fuad Muradov qeyd edib ki, “Yüksəliş” müsabiqəsinin finalçıları gələcəkdə harada yaşamalarından və fəaliyyət göstərmələrindən asılı olmayaraq, Azərbaycanın maraqlarının qorunması və ölkənin beynəlxalq müstəvidə təbliği istiqamətində fəal rol oynayacaqlar.
Komitə sədri vurğulayıb ki, Diasporla İş üzrə Dövlət Komitəsi il ərzində 70 ölkədə 800-dən çox layihə və tədbirə dəstək verir və finalçılar da gələcəkdə bu təşəbbüslərdə iştirak edə bilərlər.
F.Muradov çıxışında Azərbaycanın gələcək inkişafında ideoloji məsələlərin əhəmiyyətinə də toxunaraq bildirib ki, ölkənin milli maraqlarının qorunması, dövlətçilik dəyərlərinin möhkəmləndirilməsi və gənclərin bu istiqamətdə yetişdirilməsi prioritet istiqamətlərdəndir.