Futbol üzrə Misir yığmasının sabiq hücumçusu yenidən milliyə qayıtmaq istəyir
Qahirə, 4 iyun, AZƏRTAC
Futbol üzrə Misir yığma komandasının sabiq hücumçusu Əhməd Mido bu il Rusiyada keçiriləcək dünya çempionatında komandasına öz köməyini təklif edib.
AZƏRTAC xəbər verir ki, sabiq futbolçu şəxsi “Twitter” səhifəsi vasitəsilə Misir yığmasının baş məşqçisi Ektor Kuperə müraciət edərək bunları yazıb: “Mən bilirəm ki, sizin həqiqətən də əks-hücumda oynaya bilən və qol vurmaq bacarığı olan hücumçuya ehtiyacınız var. Mən milli komandada olanda hər iki oyundan birində fərqlənirdim. Sizi əmin edirəm ki, dünya çempionatının qrup mərhələsinin bütün oyunlarında qol vura bilərəm”.
Qeyd edək ki, Əhməd Mido futbolçu karyerasını 2013-cü ildə başa vurub. Həmin vaxtdan sonra xeyli çəki alsa da, son aylarda 37 kiloqram arıqlayaraq yenidən idman formasına qayıtmağa nail olub.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə