FÜZULİDƏ ÖTƏN İL UĞURLU OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Füzuli rayonunda ötən ilin yekunlarına həsr olunmuş yığıncaqda rayon icra hakimiyyətinin başçısı Nəbi Muxtarov əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının inamla davam etdirildiyini, respublikamızın bütün sahələrdə böyük uğurlar qazandığını diqqətə çatdırmış, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışında qarşıya qoyulmuş vəzifələr barədə danışmış, 2006-cı ildə rayonda görülən işlər haqqında geniş məlumat vermişdir.
Qeyd olunmuşdur ki, xalqımızın böyük oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Neft Fondunun vəsaiti hesabına bütün infrastrukturu olan 11 qəsəbə salınmışdır. Kürdmahmudlu kəndində 150 yaşayış evi bərpa olunmuşdur. Horadiz qəsəbəsində də təmir-bərpa, tikinti-abadlıq, quruculuq işləri həyata keçirilmişdir. Qəsəbədə Heydər Əliyev parkı salınmış, burada ulu öndərin büstü ucaldılmışdır.
Məlumat verilmişdir ki, son vaxtlar rayonda 12 yeni məktəb, 1 xəstəxana, 7 həkim məntəqəsi, Horadiz qəsəbəsində və Balabəhmənli kəndində “Rabitə evi” və digər sosialyönümlü obyektlər tikilib istifadəyə verilmişdir. Ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən Haramı düzündəki Yuxarı Mil kanalının 3,6 kilometr hissəsi də bərpa edilmişdir. İşi Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti görmüşdür.
Xüsusi vurğulanmışdır ki, dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır, bu sahədə müvafiq qurumlara konkret tapşırıqlar verir. Ölkə başçısı vaxtaşırı qaçqın və məcburi köçkünlərlə görüşür, salınan yeni qəsəbələrin açılış mərasimlərində iştirak edir, problemlərlə yaxından maraqlanır.
Bildirilmişdir ki, yaxın vaxtlarda rayon ərazisində 2107 ailənin məskunlaşacağı 5 yeni qəsəbə salınacaq, erməni işğalı nəticəsində dağıdılmış daha 1500 ev bərpa olunacaqdır. Horadiz qəsəbəsində yeni mədəniyyət evinin, tarix-diyarşünaslıq muzeyinin, Böyük Bəhmənli kəndində dağıdılmış mədəniyyət evinin də bərpa olunması nəzərdə tutulmuşdur.
Diqqətə çatdırılmışdır ki, 2006-cı ildə kənd təsərrüfatının bütün sahələrində böyük uğurlar qazanılmışdır. 26 min 500 ton taxıl, 2 min 900 ton pambıq, 12 min 800 ton şəkər çuğunduru, 10 min ton bostan-tərəvəz məhsulları, 785 ton meyvə tədarük olunmuşdur. Bu, əvvəlki ildəkindən xeyli çoxdur.
Rayon əhalisinin məşğulluğunu təmin etmək üçün 900 müvəqqəti, 887 daimi iş yeri açılmışdır.
Yığıncaqda həlli vacib problemlər barədə söhbət açılmış, faydalı təkliflər verilmişdir.
Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan, iqtisadi və sosial sahələrdə qazanılmış uğurlardan danışmış, vurğulamışdır ki, ötən il respublikamız dünyada liderlik mövqeyini qoruyub saxlamışdır. Ölkəmiz ixracçı ölkəyə çevrilmişdir. Bütün bunlar ulu öndər Heydər Əliev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin dərindən düşünülmüş siyasətinin nəticəsidir.
Natiq fevralın 13-də Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üç illiyinə həsr olunmuş konfransda ölkə Prezidenti İlham Əliyevin çıxışından irəli gələn vəzifələri də xatırlatmışdır.
Yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Yığıncağın işində Prezidentin İcra Aparatının məsul işçisi Nuridin Hüseynov iştirak etmişdir.