Füzulidə sakinlərə narkomaniyanın fəsadları barədə əyani vəsaitlər paylanılıb - maarifləndirici aksiya
Bakı, 17 iyul, AZƏRTAC
Füzulidə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində maarifləndirici aksiya keçirilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirilib ki, maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə daimi fəaliyyət göstərən İşçi Qrupu və Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan aksiya çərçivəsində iştirakçılara müxtəlif mövzularda - “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”, “Psixotrop maddələr haqqında həqiqət”, “Marixuana haqqında həqiqət”, "Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar", "Məlumatlı ol, cinayət törətmə" və “Narkotiklər haqqında həqiqəti bilin” adlı yeni əyani vəsaitlər paylanılıb.
Tədbir zamanı könüllülər tərəfindən rayonun müxtəlif yaşayış ünvanlarında, istirahət yerlərində, küçə və prospektlərdə sakinlərlə xüsusilə yeniyetmə və gənclərlə görüşlər təşkil olunmuşdur. Görüşlərdə internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, eləcə də süni intellektəsaslı məzmun təsirlərinin təhlükələri, məlumatlandırmanın gücləndirilməsinin zəruriliyi, hüquqi məlumatlandırma, inzibati məsuliyyət, psixoloji təzyiq və yanlış təsəvvürlər izah edilib. Habelə fərdi qərarvermə bacarığı, psixoaktiv maddələrin mahiyyəti, yeniyetmələrdə erkən davranış və fizioloji əlamətlərin vaxtında tanınmasının əhəmiyyəti, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına vurduğu zərərlər, onların istifadəsinin fəsadları, eləcə də narkomaniyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlar paylaşılıb.
Həmçinin aksiya çərçivəsində narkotik asılılığının ailə və cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb, sağlam həyat tərzinin təbliği aparılıb.