GDU-da icbari tibbi sığorta ilə bağlı maarifləndirmə tədbiri
Gəncə, 27 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) icbari tibbi sığorta ilə bağlı maarifləndirmə tədbiri keçirilib. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan tədbirin keçirilməsində məqsəd müəllim, tələbə və əməkdaşların icbari tibbi sığorta sistemi, üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi barədə məlumatlandırılması olub.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə çıxış edən GDU-nun Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva Prezident İlham Əliyev tərəfindən səhiyyə sistemində son illər aparılan uğurlu islahatlardan danışıb, bu islahatların davamı kimi respublikada icbari tibbi sığortanın tətbiqinin səhiyyənin inkişafına töhfə verdiyini vurğulayıb.
Daha sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri çıxış edərək, icbari tibbi sığorta ilə bağlı ətraflı məlumat veriblər.
Sonda iştirakçıların sualları cavablandırılıb.