“Gələcəyi birlikdə quraq!” sosial layihəsinə başlanılıb
Bakı, 20 iyul AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin və Care Groupun təşkilatçılığı, PAŞA Bankın maliyyə dəstəyi ilə “Gələcəyi birlikdə quraq!” (“Empowering Futures”) layihəsinə start verilib.
Bu barədə AZƏRTAC-a Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, layihə Agentliyin uşaq evi sosial xidmət müəssisələrində yaşayan 13-18 yaşarası 40 gənci əhatə edir.
Məqsəd valideyn himayəsindən məhrum olmuş gənclərin əmək bazarına hazırlığını artırmaq, həmçinin onların gələcək karyera seçimlərini daha məsuliyyətli şəkildə formalaşdırmalarına dəstək verməkdir.
Yekun mərhələdə hər bir iştirakçının təlim nəticələri, bacarıqları, maraq dairəsi və inkişaf potensialı nəzərə alınaraq fərdi inkişaf istiqamətləri müəyyən ediləcək. Tərəfdaş təşkilatlarla əməkdaşlıq çərçivəsində seçilmiş iştirakçılar üçün təcrübə proqramları, mentorluq və potensial məşğulluq imkanları qiymətləndiriləcək.