“Gələcəyimiz gənclərdir” onlayn festivalı keçirilib
Bakı, 12 avqust, AZƏRTAC
12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə “Gələcəyimiz gənclərdir” adlı onlayn festival keçirilib.
Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, Fondun və “Gənc könüllülər” hərəkatının təşkilatçılığı ilə keçirilən festivalın məqsədi gənclərin onlar üçün əlamətdar olan bu günü daha da əyləncəli və maarifləndirici keçirmələrinə şərait yaratmaq olub.
Müxtəlif fəaliyyət hissələrindən ibarət festivalın birinci mərhələsində gənclər üçün “Xəmsə” intellektual oyunu təşkil edilib. Sonra şahmat turniri ilə davam edən festival konsert proqramı ilə yekunlaşıb.
Festivalın sonunda təəssüratlarını bölüşən könüllülər tədbirin xüsusi istedada sahib gənclərin bacarıqlarını digərləri ilə paylaşmasına yardım etdiyini vurğulayıblar.
Gün ərzində davam edən festival boyunca həm öyrənib, həm də əyləndiklərini bildirən gənclər əvvəlki illərdən fərqli olaraq karantin rejimində qeyd edilən bu günü yaradıcı şəkildə maraqlı keçirdikləri üçün təşkilatçılara minnətdarlıqlarını çatdırıblar.
Onlayn festivalda 350-dən çox gənc iştirak edib.