CƏMİYYƏT
Gələn il yanvarın sonlarında Azərbaycana 22 seysmik stansiyanın gətirilməsi nəzərdə tutulur




Bakı, 22 iyul, AZƏRTAC
İyulun 22-də “Qafqazda və Mərkəzi Asiyada Seysmik Şəbəkənin Genişləndirilməsi (Seismic Network Expansion in the Caucasus and Central Asia)” layihəsinin icrası ilə əlaqədar tərəfdaş ölkələrin müvafiq təşkilatlarının nümayəndələrinin videokonfransı keçirilib. İclasda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, baş direktorun müavinləri Ramiz İsgəndərov və Rauf Muradov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov iştirak ediblər.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, xarici tərəfdaş ölkələrdən isə Ukraynanın Elm və Texnologiya Mərkəzinin ölkələrarası əməkdaşlıq layihələri üzrə meneceri Yelena Taberko, Miçiqan Dövlət Universitetinin geoloji elmlər şöbəsinin seysmoloji laboratoriyasının baş mühəndisi Daniel Burk, Qazaxıstan Milli Məlumat Mərkəzinin direktoru Natalya Mixaylova, ABŞ-ın Livermor Milli Laboratoriyasının (LML) seysmoloji layihələr departamentinin rəhbəri Rengin Gök, ABŞ Birləşmiş Seysmoloji Tədqiqat İnstitutlarının (IRIS) prezidenti Robert Vudvard, IRIS Stansiyayerləşdirmə koordinatoru Ryan Bierma, menecer Bob Busby, Proqram Meneceri Katrin Hafner, Stansiya mütəxəssisi Jeremy Miner, Layihə meneceri Kasey Aderhold, Miçiqan Dövlət Universitetinin Yer və Ətraf Mühit Elmləri departamentinin professoru Kevin Mackey, Gürcüstan Seysmik Monitorinq Mərkəzinin direktoru Tea Qodoladze və s. iştirak ediblər.
Qeyd edək ki, layihə çərçivəsində Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə Azərbaycanda 22 yeni seysmik stansiyanın quraşdırılması nəzərdə tutulur. Bildirilib ki, hazırda dünya ölkələrində COVID-19 pandemiyası davam etdiyinə görə stansiyaların 2021-ci ilin yanvar ayının sonlarında Azərbaycana gətirilməsi nəzərdə tutulur. Müzakirələr zamanı yeni stansiyaların quraşdırılması üçün yerlərin seçilməsi, alınacaq cihazların parametrlərinə uyğun ilkin hazırlıq işlərinin aparılması və digər texniki məsələlərlə bağlı treninqlərin keçirilməsi qərara alınıb.