GƏLƏN İLDƏN XARİCİ ŞİRKƏTLƏR NEFT GƏLİRLƏRİNDƏN İXRACAT VERGİSİ ÖDƏYƏCƏKLƏR
Layihə bu həftə parlamentə təqdim olunacaqdır.
Ə.Əlirzayevin sözlərinə görə, ötən illərdən fərqli olaraq gələn ilin büdcəsində sərmayə yönümlülük daha çoxdur. Hökumət infrastrukturun yaradılmasına, regionlara, kənd təsərrüfatına, sahibkarlığın inkişafına daha çox sərmayə yönəltməklə ölkədə qeyri-neft bölməsini dirçəltmək niyyətindədir. Bu da yeni iş yerlərinin açılmasına, işsizliyin və yoxsulluğun azalmasına səbəb olacaqdır. Gələn ildən həmçinin minimum əmək haqqının, əmək haqlarının da artacağı gözlənilir.
Büdcə layihəsindəki maraqlı cəhətlərdən biri də neft gəlirlərinə ixracat vergisinin tətbiq olunmasıdır. Layihədə neftin bir barrelinin qiyməti 40 ABŞ dolları göstərilib. Sənəddə, Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların müqavilə (satış) qiyməti ilə (ixrac xərcləri çıxmaqla) respublikadaxili topdansatış qiyməti arasındakı fərqdən 25 faiz həcmində ödəniş müəyyən olunur. Xam neftin ixracı üzrə ödəniş qiyməti 40 ABŞ dollarından yuxarı olduqda 40 dollardan yuxarı olan hissəsinə 50 faiz həcmində, 50 dollardan yuxarı olan hissəsinə isə 75 faiz həcmində ixracat vergisi müəyyən edilir.