GƏLƏN İLİN DÖVLƏT BÜDCƏSİNDƏ ELM VƏ TƏHSİL XƏRCLƏRİ XEYLİ ARTIRILMIŞDIR
Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasından bildirmişlər ki, bu rəqəmlər cari illə müqayisədə xeyli çoxdur. 2006-cı ilə nisbətən elm xərcləri 2,8 milyon manat, təhsil xərcləri isə 235 milyon manat artırılacaqdır. Elmə ayrılan vəsait əsasən fundamental elmi tədqiqatlara və dövlət qurumlarında mövcud olan elmi-tədqiqat müəssisələri tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşdirilməsinə yönəldiləcəkdir. Təhsilə ayrılan vəsait isə şagirdlərin pulsuz dərsliklər, müasir tədris avadanlığı ilə təmin edilməsinə, yeni ümumtəhsil məktəblərin binalarının tikintisinə, mövcud məktəblərin əsaslı təmirinə sərf ediləcəkdir. Dövlət hesabına təhsil alan aspirantların, ali, orta ixtisas, peşə məktəbləri, peşə liseylərinin tələbə və şagirdlərinin təqaüdləri də artırılacaqdır. İlkin olaraq, təqaüdlərin orta hesabla 16 faiz artırılması proqnozlaşdırılır. Eyni zamanda, dövlət xətti ilə bir sıra xarici ölkələrdə təhsil alan tələbələrin aylıq təqaüdlərinin məbləğinin artırılması da nəzərdə tutulur.