ELM VƏ TƏHSİL
Gənc alim nüfuzlu beynəlxalq jurnallarda rəyçi kimi fəaliyyət göstərir
Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun laboratoriya müdiri, kimya elmləri doktoru, dosent Əfsun Sucayev bir sıra nüfuzlu xarici jurnalların beynəlxalq rəyçisi kimi fəaliyyət göstərir.
Dosent Əfsun Sucayev AZƏRTAC-a açıqlamasında bildirib ki, “Elsevier” nəşriyyatının yüksək impakt faktorlu “Bioorganic chemistry” “(Bioüzvi kimya), “Wiley” nəşriyyatının isə “Journal of Heterocyclic Chemistry” (Heterotsiklik Kimya Jurnalı) və “Chemistry & Biodiversity” (Kimya və biomüxtəliflik) nəşrlərində müstəqil beynəlxalq ekspert kimi məqalələrin qiymətləndirilməsi ilə məşğuldur.
O bildirib ki, son bir ildə bu jurnallardan daxil olan 10 məqalənin ekspertizasını həyata keçirib.
“Koronavirus pandemiyası ilə əlaqədar bütün dünya ölkələri üzrə alim və mütəxəssislərin əmək fəaliyyətinin məhdudlaşdırılmasına baxmayaraq, qeyd edilən jurnallardan ekspert qiymətləndirilməsinə göndərilən məqalələrin sayı artırılıb. Hazırda 3 jurnaldan göndərilən 4-5 məqalənin ekspert dəyərləndirilməsi ilə məşğulam”, - deyə Əfsun Sucayev qeyd edib.
Gənc alim diqqətə çatdırıb ki, üzvi kimya, zərif üzvi sintez, heterotsiklik birləşmələr kimyası və biokimya elm sahələri üzrə ixtisaslaşmış bu jurnallar “Web of Science”, “Scopus” kimi nüfuzlu beynəlxalq elm bazaları tərəfindən indeksləşdirilib.