Gənc geoloqun müalicəvi Naftalan nefti ilə bağlı məruzəsi dinlənilib
Bakı, 28 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən növbəti elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, doktorant Samir Zeynalov “Müalicəvi Naftalan neftinin müasir üsullarla tədqiqinin nəticələri” mövzusunda təqdimatla çıxış edib. O, unikal Naftalan nefti haqqında ümumi məlumat verib, eləcə də Naftalan yatağından alınmış üç fərqli xüsusiyyətli neftin müasir cihazlar vasitəsilə müqayisəli analizlərinin nəticələrini təqdim edib. Bildirib ki, Naftalanın strukturu Arpa-Samur qırılma zonası daxilində yerləşir. Bu zona Paleozoydan indiyədək bütün dövrlərdə tektonik hərəkətlərin aktiv təzahürü zonası, maqmatik ərimələrin, filizli məhlulların və seysmikliyin keçiricisi olub. Naftalan yatağında Maykop çöküntülərində keyfiyyətcə fərqli iki növ neftin olması faktını isə Azərbaycanın geoloq alimləri vaxtında sübut ediblər.
Gənc geoloqun elmi mülahizələri iştirakçıların marağına səbəb olub. Həmçinin mövzu üzrə çıxışlar olub.
İnstitutun baş direktoru akademik Akif Əlizadə çıxışında Gənc Alim və Mütəxəssislər Şurasının təşkil etdiyi elmi seminarların təkmilləşdirməklə davamlı olmasını tövsiyə edib.