“Gənc istedadlar” liseyində “Kimya gecəsi”
Bakı, 28 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Kimyanın tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Kimya gecəsi” keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Liseyin direktoru Arif Bağırov müasir müstəqil dövlətimizin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən danışıb, Ulu Öndərin elmə, təhsilə daim xüsusi önəm verdiyini vurğulayıb.
Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin, dövlətçilik təcrübəsinin əhəmiyyətindən bəhs edib. Qeyd edilib ki, dahi rəhbər Heydər Əliyev ölkəmizdə digər sahələrlə yanaşı kimya sənayesinin inkişafına da böyük diqqət göstərib.
Kimyanın tədrisi metodikası kafedrasının müdiri Xəlil Nağıyev kimya elmi və onun əhəmiyyəti barədə şagirdləri məlumatlandırıb. Kafedranın metodisti Arzu Paşayeva və Cəmilə Əşrəfovanın təşkilatçılığı ilə universitet tələbələri və lisey şagirdlərinin birgə hazırladığı səhnəciklər və kimyəvi reaksiyalar maraq doğurub. Sonra liseyin musiqi müəllimi Kəmalə Əliyevanın rəhbərliyi ilə şagirdlərin ifasında kimya haqqında kompozisiya təqdim edilib.