Gəncə, Daşkəsən və Samux məktəbliləri qida təhlükəsizliyi ilə bağlı maarifləndiriliblər
Bakı, 8 may, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən Gəncə şəhəri və Daşkəsən, Samux rayonlarında yerləşən ümumi təhsil müəssisələrində qida təhlükəsizliyi və sağlam qidalanmanın təşkili mövzusunda maarifləndirici görüşlər keçirilib.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, məqsəd məktəb bufetlərində sanitar-gigiyenik qaydalara əməl olunmasını təmin etmək və şagirdlər arasında sağlam qidalanma vərdişlərini təşviq etməkdir.
Tədbirlərdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndələri, məktəb rəhbərləri, bufet operatorları, müəllimlər və şagirdlər iştirak ediblər.
Agentliyin mütəxəssisləri tərəfindən iştirakçılara qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ-hüquqi aktların tələbləri barədə ətraflı məlumat verilib. Məhsulların düzgün saxlanılması, daşınması və istehlak şərtləri, həmçinin qida zəhərlənmələrinin profilaktikası və qarşısının alınması yolları izah edilib. Sağlam qidalanmanın gənc nəslin fiziki inkişafında rolu diqqətə çatdırılıb.
Sonda bufet operatorlarına metodiki tövsiyələr verilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.