GƏNCƏ ŞƏHƏRİ MÜƏLLİMLƏRİNİN KONFRANSINDA QARŞIDA DURAN VƏZİFƏLƏR MÜƏYYƏNLƏŞDİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Gəncə şəhər müəllimlərinin konfransında 2007-2008-ci tədris ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Şəhər təhsil idarəsinin rəisi Mahal Əliyev hesabat məruzəsi ilə çıxış etmişdir. Bildirilmişdir ki, 2007-2008-ci tədris ilində Gəncə şəhər məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində xeyli iş görülmüşdür. 4 məktəbdə əsaslı, qalanlarında isə cari təmir işləri aparılmış, 17 orta təhsil ocağında istilik sistemi işə salınmışdır. Şagirdlərin biliklərə mükəmməl yiyələnməsi ilə yanaşı, onların vətənpərvərlik ruhunda tərbiyə olunması üçün çoxlu sayda tədbirlər həyata keçirilmişdir. Ölkə başçısının ötən dərs ilinin yekunları ilə bağlı “Ən yaxşı ümumtəhsil məktəbi“ və “Ən yaxşı müəllim“ mükafatlarının təsis edilməsi haqqında Sərəncamı əsasında keçirilən müsabiqədə Gəncədən bir məktəb və bir nəfər müəllim qalib adını qazanmışdır.
Konfransda qeyd olunmuşdur ki, ötən dərs ilində Gəncənin orta məktəblərini 3 min 20 məzun bitirmişdir. Ali məktəblərə sənəd verən 2591 nəfərdən 751-i test imtahanlarından keçərək tələbə adına layiq görülmüşdür. Sevindirici haldır ki, 38 məzun 600-dən yuxarı bal toplamışdır.
Konfransda ötən dərs ilində qazanılan uğurlarla yanaşı, həlli vacib məsələlərdən də söhbət açılmış, təhsildə yeni iş metodlarının tətbiqi sahəsində görüləcək işlərin həlli yolları barədə fikir mübadiləsi aparılmışdır.
Təhsil nazirinin müavini İradə Hüseynova konfransda çıxış edərək, respublikamızın təhsil sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlərdən danışmış, Gəncə pedaqoqlarının üzərinə düşən vəzifələri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.