Gəncədə sahibkarlarla görüş keçirilib
Bakı, 12 iyul, AZƏRTAC
İstehlakçı hüquqlarının daha etibarlı müdafiəsini təmin etmək və sahibkarları istehlak bazarına nəzarət mexanizmlərinə dair maarifləndirmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçı müraciətlərinin təhlili əsasında regionunda fəaliyyət göstərən sahibkarlarla görüşlərin keçirilməsinə başlayıb.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, ilk görüş qurumun məsul şəxslərinin iştirakı və 12 saylı regional bölməsinin təşkilatçılığı ilə Gəncə şəhərində keçirilib. Xidmət müəssisələrində istehlakçı hüquqlarının ən çox pozulduğu hallar barədə müzakirələr aparılıb. Qeyd olunub ki, istehlakçı müraciətlərinə operativ reaksiya vermək üçün bu sahədə məsul şəxslərin və reqlamentin müəyyən olunması, çağrı mərkəzlərinin fəaliyyətində effektivliyin artırılması əsas şərtlərdəndir. Görüşdə, həmçinin turizm mövsümünün başlaması ilə əlaqədar bu sahədə istehlakçı məmnuniyyətinin təmin edilməsi üçün dövlət standartlarının tətbiqinin vacibliyi vurğulanıb.
Bu cür görüşlərin davamlı təşkil olunması nəzərdə tutulur.