Gəncədə tekstil sənayesinin inkişafı ətraf rayonlara böyük perspektivlər vəd edir
Gəncə, 19 fevral, Rauf Hacıyev, AZƏRTAC
Vaxtilə Gəncə, Sumqayıt, Mingəçevir, Yevlax şəhərlərində və Ağstafa rayonunda tekstil müəssisələri fəaliyyət göstərib. Bu gün həmin müəssisələr ya işləmir, ya da fəaliyyətlərini məhdudlaşdırıblar. Halbuki ölkəmizdə, xüsusilə də Gəncə şəhərində tekstil sənayesinin inkişafı üçün əlverişli şərait var.
Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Texnologiya Universitetinin professoru Cahangir Hacıyev bildirib.
Gəncəətrafı rayonların iqtisadiyyatında kənd təsərrüfatının üstünlük təşkil etdiyini vurğulayan C.Hacıyev deyib: “Həmin rayonların təbii-coğrafi şəraiti keyfiyyətli pambıq sortlarının becərilməsi və xırdabuynuzlu heyvandarlığın inkişafı baxımından olduqca əlverişlidir. Statistik məlumata görə, 1981-ci ildə Goranboy rayonunda 12690 hektar pambıq sahəsindən 47 min ton məhsul yığılmışdı. 2014-cü ildə isə 593 hektar sahədə pambıq əkilib ki, oradan da 1033 ton məhsul yığılıb. Bir sıra rayonlarda pambığın becərilməsi sahəsində həm yüksək təcrübə, həm də ənənə mövcuddur. Odur ki, Gəncə şəhərində tekstil sənayesinin inkişafı ətraf rayonların gələcək iqtisadi inkişafına böyük perspektivlər vəd edir”.
Professor bu sahədə görülməsi vacib olan bir sıra işləri sadalayaraq bildirib ki, pambığın becərildiyi bütün rayonlarda mövcud olan pambıqtəmizləmə müəssisələrinin işə salınması mümkündür. “Eyni zamanda, yun emalı daha çox su tələb etdiyindən bu cür müəssisənin Yevlax şəhərində qurulması məqsədəuyğundur. Yun və pambığın ipliyə çevrilməsi üçün əyiricilik fabrikini isə Gəncə şəhərində yaratmaq daha münasibdir. Sonrakı mərhələdə ucuz xammal əsasında hazırlanan ipliyi pambıq parça və trikotaj istehsalına yönəltmək olar. Bu məhsullarla Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətini geyim, alt-üst trikotaj məmulatları, yataq dəstləri, həmçinin təhsil müəssisələrinin şagirdlərini məktəbli formaları ilə tam təmin etmək mümkündür”, - deyə professor diqqətə çatdırıb.
C.Hacıyev qeyd edib ki, mövcud müəssisələr işlərini yalnız günün müasir tələbləri səviyyəsində qurduqdan və məhsul istehsalını təyinatına görə müəyyənləşdirdikdən sonra rəqabət şəraitində fəaliyyət göstərə bilərlər. Əks təqdirdə, həmin müəssisələr istər xammalın alınmasında, istərsə də məhsul satışında ciddi problemlərlə üzləşəcək.
Tekstil sənayesinin kadr potensialı məsələsinə də toxunan C.Hacıyev bildirib ki, Gəncə və Yevlax şəhərlərində vaxtilə bu sahədə çalışmış kifayət qədər ixtisaslı kadrlar var. Gələcəkdə isə Azərbaycan Texnologiya Universiteti alimlərinin köməyi ilə müvafiq ixtisasartırma kursları təşkil etmək olar.