GƏNCƏDƏKİ DAİRƏ SEÇKİ KOMİSSİYALARI SEÇKİLƏRƏ CİDDİ HAZIRLAŞIRLAR
Gəncədə 4 seçki dairəsi üzrə 104 seçki məntəqəsi fəaliyyət göstərir. Seçkilərin keçirilməsinə 5 gün qalmış daha 11 məntəqə yaradılacaqdır. 39 və 40 saylı seçki dairələrinin ərazisində yaradılacaq 10 məntəqə hərbi hissələri, 38 saylı dairənin 1 məntəqəsi isə Ədliyyə Nazirliyinin 2 saylı təcridxanasını əhatə edəcəkdir. Səslərin hesablanması və operativ məlumatların Mərkəzi Seçki Komissiyasına vaxtında çatdırılması üçün dairə seçki komissiyaları bütün lazımi avadanlıqla təmin olunmuşdur.
37 saylı 1-ci Nizami seçki dairəsi dairə seçki komissiyasının sədri Zakir Hüseynov AZƏRTAC-a demişdir ki, hazırda şəhərin müxtəlif yerlərində təşviqat plakatları asılır. Məntəqə seçki komissiyalarının üzvləri üçün keçirilən seminar-treninqlərdə Seçki Məcəlləsinin müddəaları izah olunur, sual doğuran məsələlərə aydınlıq gətirilir.