Gəncəyə yeni gətirilən avtobuslar xəttə buraxılıb YENİLƏNİB VİDEO
Bakı, 1 fevral, AZƏRTAC
Gəncə şəhərində ictimai nəqliyyat şəbəkəsinin optimallaşması, avtobus parkının yenilənməsi, sərnişindaşıma keyfiyyətinin yaxşılaşdırılması və sərnişin məmnunluğuna nail olunması istiqamətində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən aparılan tədbirlər çərçivəsində 4 saylı marşrut xəttinə daha yeni və müasir avtobuslar cəlb edilib.
AYNA-dan AZƏRTAC-a bildirilib ki, Gəncə şəhəri Natəvan qəsəbəsi - Şəhər mərkəzi - Gülüstan qəsəbəsi marşrutu üzrə xəttə bu gündən etibarən 10 müasir avtobus buraxılıb. Daşıyıcı şirkət tərəfindən, ümumilikdə, 18 avtobus alınıb. Digər avtobuslar da mərhələli şəkildə istismara veriləcək.
Bildirilib ki, 58-60 sərnişin tutumlu avtobuslar 2018-ci ilin istehsalıdır və ekoloji təmiz “Avro 6” standartlarına cavab verir.
Qeyd edək ki, 4 saylı marşrut xətti Gəncə şəhəri üzrə ən uzun marşrutlardan biridir, ümumi uzunluğu 13 kilometrdir. Avtobuslar 6 dəqiqə intervalla hərəkət edir. Bu marşrut üzrə gündəlik daşınan sərnişin sayı təqribən 17500 nəfərdir.
08:36
Gəncədə ictimai nəqliyyatda istifadə üçün 10-a yaxın yeni avtobus gətirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni gətirilən avtobuslar bu gün texniki baxışdan keçdikdən sonra 4 sayılı xətt üzrə sərnişinlərin istifadəsinə veriləcək.