Gənclər Fondu və KİVDF Milli Mətbuat Gününə həsr olunmuş birgə onlayn konfrans keçirib
Bakı, 21 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondunun və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatçılığı ilə iyulun 21-də Azərbaycan milli mətbuatının 145 illik yubileyinə həsr olunmuş onlayn konfrans keçirilib.
Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, Fondun icraçı direktoru Fərid Cəfərov və KİVDF-nin icraçı direktoru Əhməd İsmayılovun çıxışları ilə başlayıb.
Sonra konfrans Vüqar Zifəroğlu, Rəşad Məcidov və Akif Aşırlı kimi peşəkar jurnalistlərin çıxışları ilə davam edib.
Görüşə KİV nümayəndələri və jurnalistika ixtisası üzrə təhsil alan yüzlərlə gənc qoşulub.
Jurnalistlər çıxış edərək bildiriblər ki, bu il 145 yaşını qeyd edən, görkəmli ziyalı, maarifçi-publisist Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız çətin və şərəfli inkişaf yolu keçərək, bu gün də özünün ən yaxşı ənənələrini davam etdirir, cəmiyyətimizin inkişafına, xüsusilə gənc nəslin tərbiyəsində əhəmiyyətli töhfəsini verir.
Bu yolda tarixi xidmətlər göstərmiş fədakar ziyalılarımızı dərin hörmət hissi ilə yad edən qonaqlar, hazırda Azərbaycan mətbuatının qarşısında duran vəzifələr, beynəlxalq münasibətlərin tərkib hissəsinə çevrilmiş informasiya müharibəsi dövründə jurnalistlərin üzərinə düşən məsuliyyət barədə maraqlı fikir mübadiləsi aparıblar.
Qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə milli mətbuatımızın yaranmasının 145-ci ildönümü ölkəmizdə geniş qeyd edilir. Yubiley tədbirləri tətbiq olunan karantin rejiminin tələbləri nəzərə alınmaqla keçirilir.